Tarix salnamədir. Bir-birini əvəz edən hadisələri ardıcıllıqla kitablarda əbədiləşdirən salnamə. Tarixdə çox sayda salnamələr diqqətimizi cəlb edib. Axtarmışıq, tapmışıq, oxumuşuq, məlumatlanmışıq. Əsrlər öncə baş verən tarixi hadisələrin xronikasını salnamələr vasitəsilə əxz etmişik. Salnamə deyiləndə gözlərimiz qarşısında qalın-qalın tarix kitabları canlanıb. O kitablar ki, öyrənmək istədiyimiz hadisə yalnız onun səhifələrində salnamələşib. Lakin tarix bizə salnaməni tək kitablarda yox, canlı şəkildə görməyi, oxumadan öyrənməyi, dinləməklə əxz etməyi də nəsib etdi.
İkinci Qarabağ Müharibəsi bizim şanlı tariximiz, bu müharibənin yenilməz, qüdrətli sərkərdəsi, ölkəmzin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu şanlı tarixin canlı salnaməsidir. Həm 44 günlük müharibə, həm 18 illik dövlət başçısı kimi fəaliyyəti dövrünün, eynilə də həm Birinci Qarabağ Müharibəsi, həm də bu müharibəyə səbəb olan amillərin gedişatını, xronikasını özündə əks etdirən canlı salnamə. “Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir”,- deyən dövlətimizin başçısının bütün nitqləri, çıxışları, kəlamları salnamədir. Xronoloji ardıcıllıqla tamamlanan salnamə.
Yaxşı ataların yaxşı oğulları
Mən həmişə yazılarımda yazmışam, yenə də yazıram: yaxşı ataların yaxşı oğulları olur. Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin mənəvı və siyasi varisidir. Əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər insan, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən ulu öndərimizin. Elə buna görə də xalq Onu özünə ümummilli lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də, müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan, bütövlükdə, Ulu Öndərimizin əsərinə çevrildi.
Çox təbii ki, belə bir Liderin övladı da cənab İlham Əliyev olacaqdı. Torpaqlarımızın azad olunması ilə bağlı ata vəsiyyətini reallaşdıran yaxşı oğul və dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı ilə dünyanın həsəd apardığı lider.
I Qarabağ müharibəsi nə zamansa II Qarabağ müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün ulu öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 gün... Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi an... 10 noyabr 2020-ci il. “Qarabağ” dastanının yazıldığı gün. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə...
Zaman insanları tanıdır, onların fərqlərini ortaya qoyurİkinci Qarabağ Müharibəsində Zəfərin qazanılma səbəbi Vətən sevgisi oldu. Çünki Vətənə sevgi, torpağa məhəbbət, xalqa dəyər olmadan belə bir salnamə yazıla bilməzdi. Biz Birinci Qarabağ Müharibəsinin canlı şahidi olmuşuq. Onun başvermə səbəbi də bugünkü kimi gözlərimiz qarşısındadır. Səbəbkarlarda isə Vətən sevgisindən, torpağa, xalqa, insanlara məhəbbət hissindən əsər-əlamət yox idi. Elə bu səbəbdən də torpaqlarımız asanlıqla bir-birinin ardınca satıldı. Heç bir xəcalət hissi olmadan, bu torpaqların bütöv bir xalqa mənsubluğu nəzərə alınmadan asanlıqla satıldı. Düşünülmədən satıldı. Düşünülmədi ki, tarixin torpaq satanlar, Vətən xainləri deyə bir səhifəsi açılır. Elə bir səhifə ki, əsrlər sonra da vərəqləndikcə bu ləkə görünəcək, ondan söhbət açılacaq.
Nə yaxşı ki, zaman insanları tanıdır, onların fəqlərini ortaya qoyur. Birinci Qarabağ Müharibəsində itirdiklərimizin, İkinci Qarabağ Müharibəsində qazandıqlarımızn səbəbləri də bu fərqdədir. Zaman bu fərqlə tarixin səhifələrini yazır. Kimi bu tarixin qara səhifələrinə düşür, kimi isə şanlı səhifələrdə əbədilik qazanır.
Ali Baş Komandanımızın rəhbərliyi ilə Milli Ordumuz Birinci Qarabağ Müharibəsində satılan torpaqları, erməni işğalında bir qərinəyədək əsarətdə olan ata-baba ocaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsində Vətənin səsinə səs verən gənclər bu dövlətin gənc nəslin yetişdirilməsində zəhmətini ortaya qoydu. Vətənpərvərlik hissinin aşılanmasının nəticəsinin qələbə olduğunu açıqladı. Prezident cənab İlham Əliyev: Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi.
Milli Ordumuzun dünyaya yayılan qüdrəti ordu quruculuğuna illərin sərf olunduğunu göstərdi. Xalqın həmrəyliyi xalq-dövlət birliyinin nə qədət əhəmiyyətli məsələ olduğunu izhar etdi. Şanlı tariximizin Zəfəri olan Vətən Müharibəsi onun canlı salnaməsi olan dövlət başçısının həm hərb, həm söz meydanında eyni hünərlə vuruşduğunu göstərdi.
Həm hərb, həm söz meydanında
Cənab Prezidentimiz Azərbaycan tarixinə adı ilə bağlı bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. Ölkəmizin başçısı ordumuza Ali Baş Komandanlıq etməklə yanaşı, həm də dünyanın bizə qarşı yönəlmiş informasiya müharibəsinin qəhrəmanı oldu 44 günün hər anında. Xalq öz sərkərdəsini iki geyimdə-rəsmi və hərbi geyimdə gördü 44 gündə. Hərbi geyimdə müharibə bölgələrində, müharibədən ziyan çəkmiş insanların yanında, rəsmi geyimdə kütləvi informasiya vasitələri qarşısında. 44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı Qarabağın tarixini, strateji əhəmiyyətini, əhalisinin vəziyyətini, 30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların mahiyyətini tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz danışıq qabiliyyəti ilə dünya siyasətçilərini və jurnalistlərini heyrətləndirən cənab İlham Əliyev bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, ulu öndərin layiqli övladı olduğunu da sərgilədi. Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini xoş xəbər müjdəçisi etdi insanların gözündə. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Azərbaycanda belə bir misal var: o yerdə ki, ağsaqqal var, orada Allah var.Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi.
300 min ilin sərkərdəsi
“Qarabağ Ermənistandır və nöqtə” deyən düşmənə dövlətimizin başçısı “Qarabağ Azərbaycandır” dedirtdi. Bu heç də asanlıqla başa gəlmədi. Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyində olub, birinci mərhələdə torpaqlarımızın bir qismini işğal edib, onu 30 il əsarətdə saxlayan, ikinci mərhələdə isə yeni torpaqlar iddiasında olan erməniləri mat vəziyyətinə salmaq, onların arzularını alt-üst etmək illərin zəhməti hesabına başa gəldi. Torpaqların azad olunması üçün illərlə danışıqlar aparıldı, bu, nəticəsiz qaldı. Danışıqlarla yanaşı paralel şəkildə ordu quruculuğu, vətənpərvər gənclərin yetişdirilməsi işi həyata keçirilməsəydi, torpaqlarımız bu gün geri alına bilərdimi? Xalqla dövlət bir olmasaydı, bu Zəfərə gücümüz çata bilərdimi? İnsanların dövlətimizə qarşı inamına bütün dünya şahid oldu. Şahid oldu ki, Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaqdır. Çünki bu insanlar cənab Prezidentimizin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.
Ali Baş Komandanımız İkinci Qarabağ Müharibəsində Azərbaycanın 300 min illik sərkərdəsi, qəhrəmanı oldu. Səfəvilər dovlətindən sonra işğal edilən torpaqları azad edən ilk lider, ilk sərkərdə oldu. Şanlı tariximizin canlı salnaməsi Ali Baş Komandan: İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir... “Öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər.
Biz müharibə istəmirik, tarixi ədaləti bərpa etdik
Prezident İlham Əliyev: “Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik”.
Azərbaycan xalqı heç vaxt müharibə istəməyib. Tarix də göstərib, zaman da sübut edib ki, bu xalq hər zaman qonşuları ilə səmimi, mehriban şəkildə yaşayıb. Kiminsə torpağında, malında-mülkündə gözü olmayıb. Gözütoxluq, alicənablıq, qonşuluq mədəniyyəti bu xalqın mentalitetidir. Varlığından əsrlər ötüb, bu keyfiyyətlər olduğu kimi nəsillərdən-nəsillərə daşınıb. Bu xalqın övladları həmin mənəvi dəyərlərlə qidalanıb böyüyüblər. Bütün bunlarla yanaşı isə milli kökümüzdə Vətən sevgisi, torpaq məhəbbəti də yuxarıda sadaladıqlarım keyfiyyətlər qədərindədir.Beləliklə biz nə qədər səmimi, mehriban olsaq da, torpaqlarımızın işğalına biganə yanaşa bilməzdik. Torpağımıza əl uzadanın qolunu kəsib, ürəyini çıxarıb, gözünü dağlayarıq. Çünki torpaq bizə görə namusdur, şərəfdir. Namusumuzu, şərəfimizi isə heç kimin ayaqlamasına izn vermərik. Bu, bizim qanımıza, canımıza hopmuş milli dəyərdir. Şanlı tariximizin canlı salnaməsi olan dövlət başçısı çıxışlarında Zəfərimizi hər dəfə milli mənliyimizin, ləyaqətimizin xilası adlandırır. Bunu dinləyən, dinlədikcə də əxz edən hər bir azərbaycanlı, xüsusilə gənc nəsil bu ruhla tərbiyə olunur. Deməli, sabahımız bu günümüzdən də uğurlu olacaq. Çünki biz müasir tariximizi kitablardan oxumuruq, onu hər gün, hər an canlı dinləyirik. Bu canlı salnamə isə zamanla yazılı salnaməyə çevrilir. Elə bir salnaməyə ki, tarixin hansı dönəmində oxunsa, o canlılıq duyulacaq. Çünki Azərbaycan xalqı bundan böyük tarixi hadisə yaşamayıb.
Mətanət MƏMMƏDOVA