Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngilan keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə qayıdacağı birinci rayondur
Məlum olduğu kimi, may ayının 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vahid Hacıyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib. Belə ki, vəzifəyə təyinatla əlaqədar ölkə başçısı Vahid Hacıyevi videoformatda qəbul edərkən bölgənin gələcək inkişaf perspektivləri ilə başlı geniş çıxış edib, müvafiq tapşırıqlar verib.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: "Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
O da məlumdur ki, işğal illərində Ermənistan işğalçı qüvvələri və separatçı quldurlar Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalmışdı ki, o binalardan da Ermənistan hərbçiləri təxribatlar törətmək məqsədi ilə istifadə edirdilər. Zəngilanın yerdə qalan bütün kənd və qəsəbələri talanlara məruz qalıb. Bu, bir daha erməni vandalizminin eybəcər və vəhşi sifətini bütün dünyaya açıq şəkildə nümayiş etdirir.
Dövlət başçımız daha əvvəllər də öz çıxışlarında vurğulayıb ki, ermənilər Zəngilanda Vejnəli qızıl yatağını və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar ediblər. Həmin əraziləri ekoloji fəlakət zonasına çevirərək olaraq orada çıxarılan qızılı qanunsuz xaricə aparılıb satıblar. Bu görüşündə də ölkə rəhbərimiz həmin məsələyə xüsusilə toxundu.
Artıq Azərbaycan dövləri hazırda bütün hüquqi prosedurlara start verib və heç bir cinayət cavabsız qalmayacdır. İlk növbədə dəymiş bütün ziyanın hesablanması və bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. O cümlədən, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət edilməsi ilə bağlı hazırlıq işləri aparılmaqdadır.
Beləliklə, bu gün qarşımızda duran əsas məqsəd işğaldan azad edilən torpaqların, o cümlədən Zəngilan rayonunun bərpası, burada insanların yaşaması üçün müvafiq şəraitin, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının təmin edilməsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngilan keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə qayıdacağı birinci rayondur. İlk pilot layihə isə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Bu gün dünyanın diqqəti mərkəzində olan bu layihələr də göstərir ki, Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və qısa zamanda rahat kənd olacaqdır. Ağalı kəndinin timsalında digər kənd və qəsəbələr də bərpa ediləcəkdir. Burada əsas amillər - təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafdır. Dövlətimiz bu ərazilərdəki bərpa işlərinə lazımi maliyyə vəsaiti, bütün gücləri səfərbər edib. Ötən il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat, toplamda 4,4 milyard manat vəsait nəzərdə tutulub. Həmçinin, Zəngilan regionun beynəlxalq aləmə çıxışı istiqamətində logistik mərkəz rolunu da oynayacaq. Bildirilib ki, təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.
Son olaraq isə əminliklə qeyd edə bilərik ki, bütün görülən işlər, həyata keçirilən layihələr bilavasitə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə görülür. Məhz bu reallığın, bu gerçəkliyin nəticəsində bütün bu səylər öz bəhrəsini verəcək və yaxın vaxtlarda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı baş verəcəkdir.
Səmədov Adamməd,
YAP Masallı rayon Mololon ərazi ilk partiya təşkilatının sədri