ŞƏHİD NƏSİB NURİYEVİN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Uzuntala kənd sakini Nuriyev Nəsib Muhuma oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Uzuntala kəndinə yollandıq. Nəsib Nuriyev haqqında kənd camatıyla xeyli söhbətləşdik: Nuriyev Nəsib Muhuma oğlu 15 sentyabr 1973-cü ildə Zaqatala rayonunun Uzuntala kəndində anadan olmuşdur. 1979-1990-cı illərdə Uzuntala kənd orta məktəbində təhsil almışdır.
1992-ci il aprel ayının 14-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağdam, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. 1993 –cü il İyun ayının 15-də hərbi əməliyyatlar zamanı itkin düşüb. Bu günə kimi şəhid haqqında heç bir məlumat yoxdur.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nuriyev Nəsib Muhuma oğlunun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.