Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması ənənə halını alıb. Müstəqillik Günü ərəfəsində imzalanmış 2022-ci il 27 may tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında”Sərəncam da ölkə rəhbərinin humanizm siyasətinin növbəti təzahürüdür.
Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanmış Sərəncam ümumilikdə 213 nəfər şəxsi əhatə edib. Həmin şəxslərdən 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Qeyd olunmalıdır ki, bu Əfv Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 31 nəfər məhkum əfv olunub. Həmin şəxslərdən 27 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 4 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ümumilikdə isə təsisatın fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 805 məhkum, o cümlədən yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumlar əfv ediliblər.
Əfv Sərəncamının icrası ilə əlaqədar olaraq, Ombudsman Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasında və 2, 9, 10, 17 saylı cəzaçəkmə müəssisələrində olub. Ombudsman iştirak etdiyi tədbirlərdə məhkumları 28 May – Müstəqillik Günü və əfv olunmaları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Ombudsman çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin humanist siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin insan hüquqlarına verilən mühüm dəyərin göstəricisi olduğunu vurğulayıb.
Ombudsman müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 68 Əfv Sərəncamının imzalandığını, 12 Amnistiya Aktının qəbul olunduğunu, nəticədə minlərlə insanın azadlığa buraxılaraq ailələrinə qovuşduğunu söyləyib.
Sərəncamın icrası zamanı Ombudsman azadlığa buraxılan şəxslərə ailələrinə, cəmiyyətə və sağlam həyat tərzinə qovuşmalarını, dövlətçiliyə sadiq qalmalarını tövsiyə edib.
Yekunda həmin müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim olunub.
Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.