“Bakı regionun ən böyük texnologiya festivalı – “Texnofest”ə ev sahibliyi etdi. "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalının ilk dəfə Türkiyədən kənarda – məhz Azərbaycanda keçirilməsi həm də iki ölkənin münasibətlərinin, dostluğunun növbəti təzahürü idi. Festivalda iştirak edən Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, gələcəkdə də daim bir yerdə olmaq, birgə əməkdaşlıq etmək üçün imkan yarandı”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, mükafatlandırma mərasimində prezidentlərin çıxışı, səsləndirdikləri bəyanatlarda da qeyd olunduğu kimi, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq: “Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Bu siyasi mesajlarla həm də bəyan olundu ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.
Dövlət başçıları 2-ci Qarabağ savaşında bir-birinin yanında olaraq əlavə güc qazandıqlarını bir daha xatırlatdılar. Bütün dünyaya verilən aydın mesajlardan biri də tariximizin ən önəmli anlarında bir yerdə olmağımızla bağlı idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdı. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz hazırda beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Ən vacib məsələ isə budur ki, bu güc bütövlükdə bölgəyə sülh və rifah bəxş edir.
Texnologiya festivalı da bu prioritetin tərkib hissəsidir. Təhsil, elm və mühəndislik sahələrində əməkdaşlıq üçün yeni imkanlar açılaca, gənclər üçün yeni motivasiya mənbəyi olacaq. Azərbaycan və Türkiyə yeni texnologiyalar sahəsində əməkdaşlığı postmünaqişə dövründə daha da dərinləşdirəcək, regionun inkişafına töhfə verəcək”.
Arzu Qurbanlı
195