"Ölkə başçısı cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı mühüm tarixi məqamlara diqqət çəkərək ölkəmizin müstəqillik qazanmasından 104 il ötdüyünü qeyd etdi. Cənab Prezident bildirdi ki, birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşaya bildi. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi ölkəmizdə hörmətlə anılır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizdə əlamətdar hadisə olsa da həmin vaxt təəssüf doğuran ciddi bir hal da baş vermişdi. Belə ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi və qədim diyarımız bizdən ayrı düşdü. Bu faktı əsla unutmaq olmaz. Çox təəssüflər olsun ki, bu kimi hallar tariximizdə təkrarlanmış və 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana verilmişdir. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, ölkə başçısı XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimizin möhkəm olmadığını qeyd edərək bu səbəbdən xalqımızın böyük faciələrlə üzləşdiyini vurğuladı: "Məhz buna görə həm Şərqi Zəngəzur, həm də Qarabağ işğala məruz qaldı. O vaxtkı səriştəsiz hakimiyyət torpaqlarımızı qoruya bilmədi və xalqımızı ciddi problemlərlə üz-üzə qoydu. Əslində Azərbaycanın əsl müstəqilliyi xalqımızın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə müraciətindən və onun hakimiyyətə gəlməsindən sonra başladı. Əsl müstəqillik odur ki, müstəqil siyasət apara biləsən. Məhz əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu müstəqil siyasət nəticəsində Azərbaycan ildən-ilə güclənənməyə başladı. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət isə Azərbaycanın güclü iqtisadiyyata malik olmasını təmin etdi. Azərbaycan iqtisadi cəhətdən dünyanın müstəqil ölkələrindəndir. Müasir dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Bu gün ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Məhz bu gösətiricilər əminliklə deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biridir.
Ölkə başçısı çıxışında bildirdi ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Məhz bu kimi amilləri nəzərə alan cənab Prezident ölkəmizin davamlı olaraq gücləndirilməsi üçün çalışır. Azərbaycanın hərbi gücünün artırılması da dövlət başçısı üçün prioritet istiqamətlərdəndir. Müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması və yeni texnikaların alınması bu məqsədlərə xidmət edir. Azərbaycanın öz hərbi gücünü artırması müdaifə və təhdidlərdən qorunmaq məqsədi daşıyır. Çünki Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır və hər zaman sülhün tərəfdarıdır. Bunu artıq bütün dünya görür və bilir.
Prezident cənab İlham Əliyev qeyd etdi ki, müstəqilolmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub. Ermənistanın işğalçılıq siyasəti bu ölkəni acınacaqlı vəziyyətə salıb və bu göz qabağındadır. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. Ermənistan asılı bir ölkədir və bu ölkənin bir çox havadarları vardır. Ölkə başçısı Ağalı kəndinin sakinləri ilə görüş zamanı qeyd etdi ki, Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində isə həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Azərbaycan ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmayıb, şəhər və kəndləri yerlə-yeksan etməyib. Artıq münaqişə həll olunub və Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycanın təqdim etdiyi gündəlik artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir.
Cənab Prezident "Ağıllı kənd" layihəsinin açılışı zamanı bir daha qeyd etdi ki, Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var. Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının önəminə diqqət çəkən cənab Prezident xatırlatdı ki, Ermənistan hər zaman buna maneçilik törətməyə çalışırdı: "Lakin son Brüssel görüşündə artıq həm dəmir yolu, həm də avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməli, ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır.
Çıxışında Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı bir ölkə olduğunu bildirən cənab Prezident ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problemin olmadığına da diqqət çəkdi. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Eyni zamanda, ölkə başçısı Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülərək Azərbaycanda, Qarabağda məskunlaşdırıldığını və bu tarixi də hər kəsin yaxşı bildiyini qeyd etdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının da heç bir əsası olmadığını vurğulayan cənab Prezident bunun qanunsuz bir addım olduğunu və sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirməklə istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədilə həyata keçirildiyini bildirdi.
Ölkə başçısı çıxışında bəyan etdi ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Azərbaycan 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də xalqımızın milli ləyaqətini bərpa etdi. İşğaldan azad edilmiş ərazilərdə bu gün bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə isə məhz Zəngilanın Ağalı kəndində icraBir il bundan əvvəl inşaat işlərinin başlanıldığı Ağalıda indi 200 evdən ibarət “Ağıllı kənd” salınıb. Kənddə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb. Bundan əlavə kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda, Zəngilan ərazisində dəmir yolları, avtomobil yolları çəkilir, hava limanı tikilir və böyük bir aqropark salınıb. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir.
Cənab Prezident Ağalı kəndindən olan sakinlərlə görüşdə vurğuladı ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. İnsanlar ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar".
Arzu Qurbanlı