44 günlük Vətən müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə, onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan daim Azərbaycanın apardığı haqq-ədalətin yanında oldu. Vətən müharibəsində Türkiyənin digər rəhbər işçiləri və sıravi Türkiyə vətəndaşları Azərbaycana birmənalı olaraq siyasi, diplomatik dəstək nümayiş etdiriblər. Bu da ölkəmizə, ölkə vətəndaşlarına böyük mənəvi güc vermək kimi dəyərləndirilir.
Prezidentimiz İlham Əliyev bildirmişdir ki, “Vətən müharibəsi baş verəndən dərhal sonra Türkiyənin mənəvi və diplomatik dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə – Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”.
Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra qardaş Türkiyə dövləti respublikamızla əlaqələrini, mənəvi, diplomarik münasibətlərini daha da gücləndirdi. Belə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ölkəmizdə keçirilən möhtəşəm Zəfər paradında, “Şuşa Bəyannaməsi”nin imzalanması mərasimində, eləcə də Azərbaycana səfəri çərçivəsində Zəngilanın Ağalı kəndində bizimlə bir yerdə olaraq çıxışında Qarabağın xilası, bərpası istiqamətində görülən işlərdən yaranan sevincini, fərəhini xalqımızla bölüşüb, ölkəmizin əvvəlki kimi tək olmadığını, arxasında dayandığını bütün dünyanın diqqətinə çatdırdı. Bütün bunlar isə Azərbaycan xalqının gələcəyə olan inamını daha da artırdı.
Prezidentimiz Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə cənab Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etmişdir.
Bu gün hər iki dövlətin birgə keçirdiyi tədbirə nəzər salaq. Belə ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə keçirildi.
İlk dəfə Azərbaycanda təşkil olunan bu tədbir 2018-ci ildən etibarən hər il keçirilir. Festivaldan bir gün əvvəl “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayrakdarın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçması da ordumuzun gücləndirilməsinə göstərilən dəstəyin bariz ifadəsidir. Xatırladaq ki, həmin MiG-29 “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar AKINCI TİHA” ilə paralel uçuş həyata keçirməsi qardaş Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına yönələn marağın bir nümunəsidir.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud dostluq və qardaşlıq münasibətləri hərtərəfli əlaqələrimizin genişlənməsinə müstəsna töhfəsini verir.Bəli, bu gün Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı çox yüksək səviyyəyə qalxmışdır. Bu səviyyənin müsbət nəticələri həm Türkiyə, həm də Azərbaycan üçün olduqca əhəmiyyətlidir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri