XX əsrin sonları dünya tarixindəki dəyişikliklər, dövlətlər arasındakı münasibətlərin yeni formaya daxil olması Azərbaycan xalqının müstəqillik tarixi üçün yeni bir başlanğıc oldu. Cənubi Qafqaz regionundan söz sahibi olan SSRİ-nin siyasi qurum kimi fəaliyyətini sonlandırması, Azərbaycanın müstəqilliyinin yenidən bərpası dövlətçilik tariximizin uğurlu səhifəsinə çevrildi. 1991-ci il 18 oktyabrdan bərpa edilən müstəqilliyimizin möhkəmləndirilməsi üçün Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, əvəzolunmaz xidmətləri bugünün güclü Azərbaycanının təməli idi. 1993-cü il də prezident seçilən Heydər Əliyevin Azərbaycana rəhbərlik dövründə böyük uğurlara imza atdı. Heydər Əliyev 1993-cü il 10 oktyabr andiçmə mərasimindəki çıxışından tarixi dövrün mürəkkəbliyini açıq şəkildə qiymətləndirmişdir. “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm...”.
Dövlət quruculuğu istiqamətində bir çox yeniliklərin qəbul edilməsi dövlətimizin dayaqlarını daha da gücləndirdi. Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbulu, Şərqdə ilk dəfə ölüm hökmünün ləğv edilməsi, ilk bələdiyyə seçkilərinin keçirilməsi, torpaq islahatının keçirilməsi, sərbəst xarici ticarət üçün fərmanın verilməsi, Əsrin müqaviləsinin imzalanması, Ombudsman haqqında fərmanın imzalanması kimi əhəmiyyətli yeniliklər Azərbaycan Respublikasın iqtisadi, siyasi gücünü artırdı. Azərbaycanın təbii sərvətlərindən düzgün istifadə edilməsi, bu istiqamətdə xarici ölkələrlə əməkdaşlıq gündən-günə güclənən iqtisadiyyatımızın təməli oldu. 1994-cu il 20 sentyabrda Azərbaycan Dövlət Neft şirkəti ilə xarici neft sirkətləri arasında imzalanan “Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatını təmin edirdi. Bu hadisə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyuldu. Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi, sabit davamlı inkişaf üçün şəraitini yaradılması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Heydər Əliyevin xarici siyasətinin əsas məqsədlərindən idi. 1993-2003 illərdə Heydər Əliyev siyasətinin nəticəsi olaraq, dövlət müstəqilliyi daha da möhkəmləndirildi, xarici siyasət xətti formalaşdı, geniş diplomatik əlaqələr quruldu, ölkə daxilində bütün sahələrdə dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaradıldı, ölkə nüfuzlu bir dövlətə çevrildi.
2003-cü il oktyabrında prezident seçilən İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev siyasi kursunu davam etdirdi. “Mən Azərbaycanın hər bir vətəndaşının prezidenti olacağam.” sözləri hər bir Azərbaycan vətəndaşının güvən təminatına çevrildi. İqitsadi, enerji sahəsində atılan yeni uğurlar Azərbaycanın iqtisadi, siyasi gücünü daha da artırdı. 2013-cü ilin dekabrında Azərbaycan təbii qazının Avropaya böyük həmcdə çıxarılması üçün müqavilə imzalandı. İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd, 2014-cü ildə əsası qoyulan Trans Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz kəmərlərini reallığa çevirdi. Xəzərdən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik yeni “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaratdı.
2020-ci il sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsi XXI əsr müharibə tarixində bir çox ilklərə imza atdı. Zəfərlə nəticələnən “Dəmir yumruq” əməliyyatı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin şanlı səhifəsinə çevrildi. Bugün müstəqil Azərbaycan regionda öz siyasi gücü ilə sözünü deyən qalib dövlətdir.
Aygün Maniyeva
Bakı şəhəri 156 nömrəli tam orta məktəbin psixoloqu