“Bu gün Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Bu da dünyada bir nümunədir. Tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan hər il ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə vəsaitin ayrılmasını da ölkəmizdə tolerantlığın, qarşılıqlı anlaşmanın kifayət qədər yüksək səviyyədə olduğunu demək olar”. Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bütün bunlarla yanaşı bəzi beynəlxalq təşkilatlar nizamnamələrinə zidd olaraq siyasi mövqe nümayiş etdirir, qərəzli münasibət sərgiləyirlər: “ABŞ-ın Dövlət Departamenti dini azadlıqlarla bağlı hesabat yayıb. İşğal dövründə ermənilərin törətdiyi vandallıq barədə bu sənəddə təəssüf ki, heç bir qeyd yoxdur. Məsələyə 30 il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğalı zamanı heç bir münasibət bildirməyən BMT-nin mədəniyyət, elm və təhsil üzrə ixtisaslaşmış qurumu olan UNESCO da susqunluğu ilə “cavab” verib. Halbuki Azərbaycan rəsmi şəkildə bu quruma erməni işğalı dövründə dəfələrlə müraciət etmişdi. Azərbaycan ərazilərində dini və mədəni abidələrin, qəbristanlıqların dağıdılması ilə bağlı danılmaz faktları UNESCO-ya ünvanlamışdı. Hətta adıçığəkilən qurumun nümayəndələrini işğal edilmiş ərazilərə gəlmələri istənmişdi. Amma qurumdan rəsmi olaraq UNESCO-nun siyasi məsələlərə qarışmadığını bəhanə edərək vandalizm aktlarını bilərəkdən görməzdən gəldilər. Amma 44 günlük müharibədən sonra nədənsə bu qurumun “siyasiləşmə xəttindən uzağıq” mesajı unuduldu. UNESCO rəsmiləri guya erməni abidələrinin dağıdılması barədə yalan xəbərlər tirajlamağa cəhdlər etdilər. Əlbəttə, bütün bunlar beynəlxalq təşkilatın nüfuzuna ziyan vurmaqla yanaşı, qurumla Azərbaycan arasında uzun müddət formalaşan səx əlaqəyə də kölgə salır. Həm də UNESCO kimi beynəlxalq təşkilatın bu məsələlərə ikili standartlardan çıxış edərək yanaşması yolverilməzdir. Bu yerdə cənab Prezidentin çıxışlarının birində səsləndirdiyi fikirləri yada salmaq istəyirəm: “Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır”.