“Bir neçə müddətdir ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Müxalifət nümayəndələri yolları bağlayırlar. Onlar Baş nazir Nikol Paşinyanı satqınlıqda günahlandırır və hakimiyyətin dəyişməyini tələb edirlər. Müxalifət liderlərinin sözlərinə görə, etirazçılar kifayət qədər olsa, Paşinyanı devirmək mümkün olacaq”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Müsfiq Cəfərov deyib.
Onun sözlərinə görə, təəccüb doğuran bir səbəb budur ki, son vaxtlaradək ölkədə daxili vəziyyət stabil idi: “Ermənistan Baş naziri Nikol Paşinyanın sülh danışıqları ilə bağlı hər səfərindən sonra ölkədaxili vəziyyət dəyişir. Həm daxildə etiraz aksiyaları başlayır, həm də sərhəddə təxribatlar intensivləşir. Mən düşünürəm ki, bütün bunlar heç də təsadüf deyil.
Nəzərə alsaq ki, Ermənistanın müxtəlif rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan, Xarici İşlər naziri Ararat Mirzoyan və başqaları Aəzrbaycanla sülh danışıqlarında maraqlı olduqlarını söyləyirlər. Bütün bunlar Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin gündəmə gəlməsi, birbaşa təmasların yaranması, həmçinin Qərbin bu məsələdəki təşəbbüskarlığından narahat olan xairici diasporalar tərəfindən maliyyələşən qüvvələrdir”.
Deputat sözlərinə belə davam edib: “Zənnimcə, aksiyalar yəqin ki o qədər də çox çəkməyəcək. İndiki məqamda Paşinyanın devrilməsi və hakimiyyətə “Qarabağ klanı”nın üzvlərinin gəlməsi onları himayə edənlər üçün də prioritet deyil. Amma çox güman ki mitinq Nikol Paşinyan mövqeyini dəyişənə qədər davam edəcək. Burada əsas məqsədlər Ermənistanın Azərbaycan və Türkiyə ilə danışıqlarına mane olmaq, həmçinin Qərb yolunu tutmağa cəhd edən baş naziri yolundan döndərmək durur”.
Ayşən Vəli
159