"Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən möhtəşəm tarixi hadisə ilə bağlıdır". Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın siyasi baxımdan varlığı sualı altında qalan bir dövrdə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Bakıya qayıtması, 15 iyunda Ali Sovetin sədri seçilməsi gələcək təkamülün başlanğıcı idi: "Ərazinin bölünməsi, vətəndaş müharibəsi kimi təhlükələrlə qarşı-qarşıya qalan ölkəmiz dahi Liderin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişaf və siyasi tərəqqi baxımından aparıcı ölkəsinə çevrildi. 1994-cü ildə qiqant layihə olan "Əsrin müqaviləsi"nin imzalanması, 30-a yaxın ölkənin maliyyə yatırımlarının Xəzər dənizinə yönəlməsi Azərbaycanı yaxın illərdə dünyanın əsas neft ixracatçısı ölkəsinə çevirdi. Karbohidrogen resurslarının daşınması ilə bağlı uğurlu layihələrin icra olunması regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırdı. Güc balansında əsas prinsip olan enerji xəttlərinin diversifikasiyalaşmasında Heydər Əliyevin ağıllı iqtisadi siyasətinin mühüm rolu oldu. Beynəlxalq təşkilatlarla proqressiv əlaqələrin qurulması, tarazlaşdırılmış xarici siyasət çərçivəsində dünyanın mühüm güc mərkəzləri ilə diplomatik əlaqələrin inkişafı, daxili siyasətdə hüquqi, demokratik, dünyəvi sistemin bərqərar olması, xalqların tolerant birgəyaşayışının təminatı kimi addımlar Qurtuluş Gününün mahiyyətini açmağımıza və 15 iyun tarixinin təkamül tarixi olduğunu söyləməyimizə təkan verən proseslər sırasındadır".
Arzu Qurbanlı
145