Azərbaycan deyəndə sözsüz ki, ilk öncə göz önündə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev canlanır. Prezidentimiz cənab İlham Əliyevin söylədiyi kimi: “Müasir Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir”. Həqiqətən də, ulu öndər Heydər Əliyev olmasaydı, ölkənin, xalqın düşdüyü vəziyyətə biganə qalsaydı, xalqın səsinə səs verərək Bakıya qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin dünyanın siyasi xəritəsində mövcudluğu sual altında olardı. Çünkü o dövrdə düşmən Ermənistanın torpaqlarımıza göz dikməsi, ərazilərimizin bir-bir işğal edilməsi, hakimiyyəti zəbt etmiş AXCP - Musavat cütlüyünün bacarıqsızlığı, savadsızlığı, səriştəsizliyi və xəyanətinin nəticəsi idi. Eyni zamanda, bu AXCP-Musavat cütlüyü ölkədə qardaş qırğını təhlükəsi yaratmışdı və anarxiya, özbaşınalıq baş alıb gedirdi, bir sözlə müstəqilliyimizin itirilmək təhlükəsi var idi. Ölkənin belə bir ağır vəziyyətində hər zaman qəlbi Azərbaycanla döyünən, xalqına qəlbən bağlı olan ulu öndər Heydər Əliyev bir daha ölkəsi, xalqı üçün həyatını təhlükəyə ataraq, xalqın səsinə səs verərək 1993- cü il iyun ayının 9-da paytaxt Bakıya gəldi və 15 iyunda parlamentin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev həyata keçirdiyi düşünülmüş, uzaqgörən, bir sözlə mükəmməl daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, bütün sahələrlə ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Qısa desək, sözün əsl mənasında, ölkəmiz məhv olmaqdan Qurtuldu.
Bu gün ulu öndərimizin siyasi kursunu uğurla, davam etdirən Prezident cənab İlham Əliyev bilik və bacarığı, yüksək intellekti, nüfuzu, müdrikliyi sayəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə edərək ərazi bütövlüyünü təmin edib.
Beləliklə, əminlik və qürurla deyə bilərik ki, tarixi Zəfərimizin təməli Qurtuluşdan başlayır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı