Azərbaycan xalqı 1993-cü ilin 10 oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək prezident seçkilərində onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Tarixin həmin dönəmində çevik siyasi addımlar atmaq, o cümlədən Ermənistan ilə müharibəni sabitləşdirmək, daxili çəkişmələri aradan qaldırmaq və beynəlxalq əlaqələri nizamlamaq qarşıda duran ümdə vəzifələr idi. Xalqımızın 1993-cü il böhranından çıxması, 1995-ci ilə qədər daxili çəkişmələrə, qəsblərə qarşı mübarizəsi müstəqil dövlətimiz yaşamasının sınaq dövrü oldu. Bu tarixi sınaqdan xalqımız Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrikliyi sayəsində uğurla çıxdı, dövlətçiliyimiz dağılmaqdan xilas edildi.
Dahi şəxsiyyətin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da iqtisadi inkişafın mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri ulu öndərin siyasətinin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu.
Bu böyük şəxsiyyət yenidən Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra sahibkarlığın inkişafına xüsusi diqqət yetirdi. Bunun üçün, ilk növbədə, özəl bölmənin formalaşmasına, tərəqqisinə əlverişli şəraitin yaradılması məqsədilə onun hüquqi bazası hazırlanmalı idi. Ona görə də ulu öndərin tövsiyəsi ilə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edildi. Eyni zamanda, sahibkarlığın inkişafı sahəsində 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının imzalanması da bu sahənin formalaşmasına öz müsbət təsirini göstərdi, kiçik və orta sahibkarlığın inkişafını Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Bu gün də HeydərƏliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.
Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini