"1990-cı illərin əvvəllərində Azərbaycanda “Azadlıq hərəkatı” başladı. Bu hərəkat nəticə etibarilə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndi. Ancaq Azərbaycan müstəqilliyinin bərpasını əldə etsə də çox təəssüflər olsun ki, Ermənistan və onun havadarları Azərbaycan torpaqlarını işğal etmək, Dağlıq Qarabağı öz ərazilərinə qatmaq və ya burada qondarma respublika yaratmaq niyyətində idilər. Həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətdə idi və çox təəssüflər olsun ki, hakimiyyətdə idarəçilik təcrübəsi olmayan müəyyən qüvvələrin təsiri altında fəaliyyət göstərən məmurların səriştəsizliyi nəticəsində qardaş qırğını baş tutdu və bunun kuliminasiya nöqtəsi isə Gəncədə baş verən 4 iyun hadisələri idi. Azərbaycanın çıxılmaz vəziyyətdə olduğunu görən o zamankı Azərbaycan prezidenti mərhum Əbülfəz Elçibəy müxalif partiya olan Yeni Azərbaycan Partiyasının sədri, Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi və Azərbaycanı vəziyyətdən çıxarmaq üçün onun yardımına ehtiyac olduğunu bildirdi, özü isə Naxçıvana getdi". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyev həmin dövrdə birbaşa Ali Sovetin sədrliyini qəbul etmədi: "İlk olaraq Gəncəyə səfər etdi. Qardaş qırğınının qarşısını aldı və xalqa arxalanaraq Azərbaycanın taleyini dəyişdirə bildi. Azərbaycanın müstəqilliyini bitirmək, ölkəni parçalamaq istəyən qüvvələrin qarşısında durdu və Azərbaycanı xilas etdi. Nəhayət 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu taleyüklü missiyanı üzərinə götürən Ulu Öndər Azərbaycanı bəlalardan xilas etməyə başladı. 24 iyunda isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi və faktiki olaraq Ulu Öndər hakimiyyəti idarə etməyi öz üzərinə götürdü. Çox çətin də olsa, bu missiyanın öhdəsindən gələ bildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bəlalardan xilas etdiyinə, regionun ən güclü ölkəsinə çevirməsi missiyasını yerinə yetirdiyinə görə 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması təklifi irəli sürüldü. 1993-cü ilin iyun ayında Milli Məclisdə bu tarix bayram elan edildi. Biz tarixi günlərimizlə yanaşı, Milli Qurtuluş Gününü də sevərək, fərəh hissi ilə qeyd edirik. Biz əldə etdiyimiz bütün uğurları Ulu Öndər Heydər Əliyevə, dahi şəxsiyyətin siyasətinin müdrik gücünə borcluyuq. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz bütün uğurları məhz Ulu Öndər Heydər Əliyevin bizlərə əmanət etdiyi bu siyasətin davamı olaraq dəyərləndiririk".
Arzu Qurbanlı