Minaları məhv edərək Qarabağı yenidən gülüstana çevirəcəyik.
Diaspor info AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat xidmətindən bunu “Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri xanım Haydi Kün BAMF-in prezidenti Umud Mirzəyevlə keçirdiyi onlayn görüş zamanı bildirib.
Onlayn görüşdə iki tərəfdaş təşkilat arasında gələcək fəaliyyət planına uyğun gündəlikdə dayanan məsələlər müzakirə olunub. Azərbaycanda “Minalardan Üzümlərə” (“Mines to Vines”) təşəbbüsünün reallaşması, BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi mina probleminin əlavə olunması, bu ilin sentyabrında 30 illiyini qeyd edəcək BAMF-in yubiley tədbirləri və digər məsələlər haqqında müzakirələr aparılıb. Yubiley tədbirlərinə şəxsən qatılacağını bildirən xanım Haydi Kün, həmçinin BMT-nin Baş ofisində iki təşkilatın birgə yubiley tədbirinin keçirilməsini təklif edib.
O, “Minalardan Üzümlüyə” ideyasının Azərbaycanda həyata keçirilməsi üçün prosesin sürətlənməsinin zəruriliyini bildirib və bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktub hazırladığını qeyd edib.
Razılaşmaya əsasən, iki təşkilat 26 iyun - BMT-nin təsis nizamnaməsinin qəbul günündə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin əlavə olunması ilə bağlı qurumun baş katibi Antonio Quterreşə və Baş Assambleyanın sədri Abdulla Şahidə məktub ünvanlayacaq. Məktubda bu ilin aprelində Azərbaycanda keçirilən beynəlxalq “Humanitar Mina aksiyası və DİM-lər” konfransının işi, Haydi Künün minalanmış Qarabağa səfəri və iki təşkilatın indiyədək minatəmizləmə aksiyalarına verdikləri önəmli töhfələr də öz əksini tapacaq.
Xatırladaq ki, bu il martın 1-4-də Haydi Kün Azərbaycanda səfərdə olarkən Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə “Sülhün Kökləri” təşkilatı arasında anlaşma memorandumu imzalanıb.