Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir.
İlham ƏLİYEV
Tarix boyu dünyada minlərlə müharibə olub. Hətta həmin müharibələrin yüz illər boyu davam edəni də var. Buna baxmayaraq, nəticədə, bütün müharibələr sülhlə, barışla və birgə əməkdaşlıqla başa çatıb. Lakin burada xüsusilə vurğulanmalı daha mühüm bir reallıq da var. Belə ki, sonda sülh sazişinə razılaşanların biri həmin sənədi qalib kimi, digəri isə məğlub olaraq imzalayır. Sevinc və qürurla qeyd edirik ki, Prezident İlham Əliyev öz xalqının adını nəinki türk tarixinə, ümumiyyətlə, dünya hərb tarixinə ləyaqətlə müharibə aparıb qalib gələn xalq kimi yazdırdı. Ermənilər özlərini otuz il qalib kimi təqdim etməyə çalışsalar da, dünya ictimaiyyəti bizi heç zaman məğlub hesab etmirdi. Çünki biz nəinki hansısa sülh sazişinə, hətta müharibənin başa çatmasını bildirən hansısa bir sənədə imza atmamışdıq. Biz ordu quruculuğuna nail olmaq üçün cəbhədə atəşkəsi təmin edən məlum sənədi imzalamışdıq və həmin sənədin imzalandığı 1994-cü ilin mayından 2020-ci il sentyabrın 27-dək dövri olaraq xatırladırdıq ki, münaqişə sülh danışıqları ilə həll olunmasa, hərbi variantın seçilməsi bizim legitim hüququmuzdur. Ermənistanın isə bu gün hansısa hərbi əməliyyatlara başlamaq üçün heç bir hüququ yoxdur. Çünki onlar kapitulyasiya aktını imzalayıblar. Özü də təkcə münaqişədə olan tərəflər arasında yox, regionun ən güclü dövlətlərindən birinin prezidentinin iştirakı ilə üçtərəfli sənəd imzalanıb. Bu faktın daha dəqiq ifadə edilməsini Üçtərəfli Bəyanatın imzalanmasından bir ay sonra ötən il dekabrın 10-da Bakıda keçirilmiş möhtəşəm Zəfər paradında Prezident İlham Əliyevin dilindən eşitdik. Dövlət başçımız vurğuladı ki, biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, ordumuzu gücləndirirdik. Təbii ki, bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi.
Ali Baş Komandan dedi: “Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
Bir daha xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı və ədalətli olmasına baxmayaraq, hərbi əməliyyatlara biz başlamamışdıq. Biz, sadəcə olaraq, Ermənistanın növbəti təxribatlarına cavab vermişdik və qəfil üzləşdiyimiz ağır artilleriya atəşləri nəticəsində həm mülki əhali, həm də hərbçilərimiz arasında itgilərə görə səbr kasamız daşmışdı. Fakt ondan ibarətdir ki, dövlətimiz, prezidentimiz, ordumuz və xalqımız son 17 ildə torpaqlarımızı düşmən tapdağından azad etmək üçün prinsipial mövqe ortaya qoymuş, qətiyyətli hazırlıq işləri görmüş, cəbhənin bütün istiqamətlərində rəşadətli müharibə aparmış və düşməni diz çökdürərək, ləyaqətli qələbəyə nail olmuşdur. Dövlət başçımızın fikrincə, bu müharibə milli iradə, milli ruh, milli ləyaqətin təntənəsi idi.
Sürayə Bayramova
121 nömrəli tam orta məktəbin tarix müəllimi