ŞƏHİD NEMƏT KUSAYEV ZAQATALANIN QƏHRƏMAN OĞULLARINDAN OLUB.
Xalqımız yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşularımız olan ermənilər tərəfindən təcavüzlə rastlaşdı. Birinci Qarabağ savaşı zamanı Azərbaycan 20% torpaqlarını itirsə də, illər sonra da, dişi qana batmış köpəklər kimi, düşmən bizdən əl çəkmirdi. Hər dəfə cüzi imkan əldə edən kimi ordumuzun mövqelərini atəşə tuturdular. Ancaq həmişə olduğu kimi xalqımızın qeyrətli oğulları yağı düşmənin qarşısına çıxaraq, layiq olduğu dərsi onlara verirdi. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Car kənd sakini Kusayev Nemət Həbibullah oğludur.
Kusayev Nemət Həbibullah oğlu 1988-ci il dekabr ayının 4-də Zaqatala rayonu Car kəndində anadan olub. 18.01. 2007 –ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb. 04.03.2008-ci ildə Ağdərə rayonu Həsənqaya kəndində döyüş tapşırığını yerinə yetirərkən, bir neçə ermənini yerindəcə gəbərtdikdən sonra, düşmən tərəfindən açılan atəş nəticəsində Şəhid olmuşdur.
Zaqatala rayonu Car kəndində dəfn olunub. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nemət Kusayevin də, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda şiddətli döyüşlər zamanı ermənilərə son yüz ilin dərsi verildi. Və onlar məğlub olaraq, ağ bayraq qaldırdılar, bu gün artıq həmin torpaqlarda Müzəffər Azərbaycan əsgəri dayanır.
Şəhidimizin ailəsi, xüsusən də, belə qəhrəman oğulu dünyaya gətirən ananı görmək üçün Car kəndinə yollandıq.
Fatimat Kusayeva Şəhid Nemət Kusayevin anasıdır. Fatimat xalanı ziyarət etmək üçün onun yaşadığı yerə, Zaqatala rayonu Car kəndinə yollandıq. Orada məlum oldu ki, şəhidimizin anası dağların qoynunda “Taxtalar” deyilən yaşayış məskənində yaşayır. Dağdibi, çətin relyefli yollarla gedərək, gəlib çatdıq Fatimat ananın qaldığı evə. Şəhid anasına əvvəlcədən zəng etdiyimiz üçün bizi həyətin girişində qarşıladı. Fatimat xala, şəhidin atası Həbibullah dayı, qızı Nərgiz, oğlu Hikmət və onun həyat yoldaşı bizə xoşgəldin etdilər.
Çox mehriban ailə olduqları ilk kəlmələrindən bilinirdi. Çay süfrəsi ətrafına toplaşan zaman balaca bir oğlan uşağı da, bizə yaxınlaşdı, bu şəhidimizin adını daşıyan Nemət Hikmət oğlu Kusayev idi. Şəhidimizin uşaqlıq şəkillərinə baxarkən balaca Nemətin ona çox bənzədiyinin şahidi olduq. Fatimat ana milli adət-ənənələrinə sadiq qalaraq, “Maxara” bişirmişdi və çay süfrəsində bizi də, ona qonaq etdi. Və söhbətə başladı. Onun Nemət haqqında dediyi hər bir kəlməsi o qədər ürəkdən gəlirdi ki, onu həyəcansız dinləmək olmurdu. Xeyli söhbətləşdikdən sonra məlum oldu ki, Fatimat ananın həyatı həddindən artıq enişli-yoxuşlu olub, onun həyatından bir roman da, yazmaq olardı. Belə ki, hələ altı aylığında anasını itirən Fatimat ana, ögey ananın əlinin altında böyüyüb. Yaşı çatar-çatmaz ailə qurub, daha sonra ilk övladı Həsən, uşaq vaxtı, faciəli şəkildə dünyasını dəyişib. Bundan sonra onun iki oğlu və bir qızı dünyaya gəlib. Nemət Həsəndən sonra evin böyük oğlu olub. O, çox zarafatcıl, ailəcanlı, istiqanlı, vətənpərvər bir oğul olub. Fatimat ana deyir ki, mən onunla nəfəs alırdım. Nemət hələ uşaqlıqdan anasının necə zülm çəkməsinə dözə bilmirmiş, həmişə deyirmiş ki, mən böyüyüm səni əziyyət çəkməyə qoymayacağam. Fatimat ana meyvə yığıb, bazarda satarmış, işlədiyi məntəqənin həyətini süpürərkən, pul qazanmaq üçün yorğan sırayarkən oğlu bütün bunlara baxa bilmədiyini deyirmiş. Fatimat ana deyir ki, bu dağların qoynunda böyütdüyüm oğlanlarım çox vətənpərvərdirlər. Nemət hərbi xidmətə gedən zaman hərbi komissarın yanına qalxan Fatimat xala deyib ki, bir neçə gün də, qalsın evdə, onun dişlərini müalicə etdirəcəyəm.
Hərbi komissar da, buna razılıq verib, bundan xəbər tutan Nemət dərhal komissarın otağına qalxaraq deyib ki, mən bir gün belə gecikmək istəmirəm. Sabah səhər tezdən hərbi hissəyə yola düşmək istəyirəm və mənim dişlərimin müalicəyə ehtiyacı yoxdur. Fatimat ana deyir ki, hərbi xidmətə getdiyi gündən mənimlə telefonla danışırdı, mənə ürək-dirək verib deyirdi ki, darıxma, tezliklə mən gələcəyəm və hər şey yaxşı olacaqdır. Fatimat ana oğlu şəhid Nemət Kusayevlə hərbi xidmət keçdiyi vaxtlarda telefonla xeyli maraqlı hadisələr danışdığını xüsusi olaraq vurğulayırdı:” mən bütün günü oğlum haqqında düşünürdüm, sanki onu belə çox istəməyimə görə, sonradan Allahım mənə bu dərdi verdi. Bir dəfə mənə zəng edib dedi ki, ana telefon üçün kontur göndər. Mən də, göndərdim, sonra mənə zəng edib xeyli danışdı. Dedi ki, ana mən sənin əziyyət çəkməyinə dözə bilmirəm. Biraz da, döz mən əsgərliyimi bitirib, gələcəyəm evimizə. Sonra gedəcəyəm Rusiyaya işləməyə, xeyli pul qazanıb, gətirəcəyəm və səni də, özümlə aparcağam Rusiyaya. Sən oturacaqsan evdə, heç vaxt işləməyəcəksən, mən sənə Xanım kimi qulluq edəcəyəm.
Bir dəfə də, mənə zəng edib dedi ki, ana mənə ayağındakı corablarını göndər, sənin qoxunu almaq istəyirəm. Mən həmişə meyvə satanda pulumu corabıma qoyurdum, o da, bunu görürdü. Düşündüm ki, oğlum şifrəylə mənə başa salır ki, ona pul göndərim. Odur ki, mən elə də, etdim, corabımın içinə pul qoyub, ona göndərdim. Nemət mənə zəng edib xeyli güldü, deyir ay Ana, sənə kim dedi ki, mənə pul göndər? Mən sənsiz darıxırdım, istədim ki, əziyyətlə pul qazandığın və həmişə ayağında olan o corablarını iyləyim, sənin qoxunu alım, sən isə mənə pul göndərmisən. O, uşaq qeyri-adi bir uşaq idi, mənim əziyyət çəkməyimi heç istəmirdi.
Bir dəfə də, sarı gülləri olan bir don geyinmişdim, küçədə Nemətlə rastlaşdım. Deyir ki, ana bayaqdan uşaqlara deyirəm ki, bu günəş haradan çıxdı belə, sən demən sən idin, mənim günəş kimi parlayan anam.
Bəli, bu gördüyünüz həyət evində böyütdüm, o qəhrəmanı.
Tərtərdə xidmət edirdi, əsgər yoldaşları deyirlər ki, Nemət bizə hücum edən onlarla ermənini məhv etdikdən sonra özü də, şəhid oldu.
Mən onsuz yaşaya bilməzdim, əgər onun döyüş yoldaşları mənə təskinlik verməsəydilər. O, qədər ürək-dirək verdilər ki, mənim yaşamağıma səbəb oldular. Xüsusən də, Pərviz, mən onu oğlum qədər sevirəm, elə o da,mənə həqiqi oğul kimi hörmət qoyur.
Bu gün bizim ocağımızda ikinci bir Nemət böyüyür, adı kimi vətənpərvər və igid oğul olacağına şübhə etmirəm. Mən şəhid anası kimi oğlumla qürur duyuram, o, erməniləri vətənimizə hücum etdiyinə görə cəzalandırıb və bu döyüşdə özü də, şəhid olub.”
Bəli, daha bir sadə kəndli ilə tanış olduq, bu ailənin çörəyi də, torpaqdan çıxır. Sadə, təvazökar bir ailə, həm də, Vətəninə qəhrəman yetişdirən ailə, canıyla-qanıyla vətənini sevən bir ailə. Allah Fatimat ananı və onun ailəsini qorusun. Siz bizim baş tacımızsınız Şəhid Anası!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.