MİLLİ MƏTBUATIMIZIN 147 YAŞI TAMAM OLUR.
Həsən Bəy Zərdabinin təməlini “Əkinçi” qəzeti ilə qoyduğu Milli Mətbuatımızın 147 yaşı tamam olur.
“Azad-Azərbaycan” qəzetində müxbir kimi işləməyə başladığım ilk günləri yaxşı xatırlayıram. Həyəcan, məsuliyyət və bu arada özünü təsdiq etmək. Artıq 24 ildir ki, mətbuatda azdan-çoxdan yazıb-pozuram. Azad-Azərbaycan, Səs, Azərbaycan Ordusu, Həftə-içi qəzetlərində işlədim, yazıb-yaratdım. Hazırda Diaspor.info saytının baş redaktoruyam.
Bu çətin və şərəfli yolda büdrədim, atılmış badalaqların üstündən məharətlə keçdim.
Azərbaycan Respublikasının Müdafiə nazirliyinin vətənpərvərlik mövzusunda keçirdiyi “Ən yaxşı müəllif yazıları” müsabiqəsində cəmi iki dəfə iştirak etdim və hər ikisində də, mükafata layiq görüldüm. (3-cü və 2-ci yer)
Təltiflər, təriflər başımı gicəllətmədi və hansı dövlətdə işləməyimdən asılı olmayaraq, Dövlət və dövlətçilik prinsiplərini, maraqlarını şəxsi maraqlarımdan üstün tutdum.
Azərbaycan mətbuatı əvvəllər qeyri-rəsmi olaraq Dövlət, müstəqil və müəyyən siyasi dairələrə işləyənlərə ayrılardı. Bu gün bu siyahını uzatmaq da, olar. Bilirəm, bir çoxları savadsızlığı ucbatından mənim bu fikirlərimi başqa məcraya da, sürükləməyə çalışacaqdır. Ancaq bu danılmaz faktdır ki, Azərbaycanda müstəqil mətbuat var, Söz azadlığı var və heç kimi buna görə qınamırlar. Müstəqil mətbuat vardırsa, deməli o həddindən artıq kasıb, imkansız, texniki avadanlıqları həddindən artıq ucuz və köhnəlmiş olacaqdır. Bu gün tam müstəqil mətbuat nümayəndəsi heç vaxt deyə bilməz ki, mən şəxsən filan vaxtı KİVDF-yə müraciət etdim və onlar mənə yardım etdilər.
Günlərin birində Vüqar Səfərli ilə onun iş otağında həmsöhbət olduq. Dedim ki, baxın mən müstəqil jurnalistəm, ancaq Sizin otağınıza gəlmək, qəbulunuza düşmək üçün dostlarımdan istifadə etdim və bu o deməkdir ki, siz azad deyilsiniz. O, da əl qatdı özünə ki, bəs mən çox qanunla işləyən biriyəm, məsələn evlərin bölgüsündə filankəs öz katibəsinə jurnalist adıyla ev verdirmək istəyirdi, mən ona mane oldum. Üç nəfərin adını çəkdim, hansı ki, onlar da, ev almışdılar. Hər üçünü də, ona tapşırdıqlarını dedi. Sual etdim ki, bəs deyirdiniz mən qanunla işləyirdim, bunlar nədir? Mənə dedi ki, məgər mən özbaşınayam?!
Bəli, Medianın İnkişafı Agentliyi yaradıldı, yenə də, Şuşaya jurnalistləri aparan vaxtı bu dövlətin qurulmasında canını qoyan jurnalistlərdən xeylisi kənarda qaldı, görəsən niyə?
Mən heç vaxt jurnalist kimi nə ev, nə də ki, ad istəməmişəm. Şükr Allaha iki otaqlı evim var, bu mənə yetər. Ancaq ad almaq, ev almaq, vəyaxud da, MİA-dan maddi dəstək almaq üçün hökmən səni tapşırmalıdırlar?
İşlədiyim dövrdə Şəhid ailələri, müharibə veteranları haqqında həmişə geniş yazılar yazmışam. Təsadüfi deyil ki, vətənpərvərlik mövzusunda nominasiyaların qalibi də, olmuşam. İşıq üzü görən yeddinci kitabım da, Zaqatala şəhidlərindən bəhs edir. “ Şanlı Tarix Yazanlar” kitabı Zaqataladan olan 230 şəhiddən bəhs edilir. Hər bir ailənin qapısını şəxsən açmışam, dərdlərinə şərik olub, problemlərinə qulaq asmışam və imkanım qədər onlara dəstək də vermişəm.
Çox təəssüflər olsun ki, bu gün biraz sözünü deyən jurnalistləri müəyyən yollarla şərləməyə çalışan məmurlarımız da, az deyildir. Özlərinin milyonlarla pulları mənimsədikləri haqqında yazı yazan kimi əks-hücuma keçirlər.
Əslində cəmiyyətin özündə də, problem çoxdur, əgər bir sahəni tənqid edibsənsə, sonralar həmin sahədən yaxşı yazı yazırsansa dərhal düşünürlər ki, oradan maddi dəstək almısan. Məgər bir sahənin neqativ halı olduğu kimi müsbət tərəfləri yoxdur? Tənqid yazan jurnalist sonuna kimi radikallıq nümayiş etdirməlidir?
Jurnalistin vəzifə borcu informasiya alıb, onu daha tez və qərəzsiz yaymaqdır. Burada neqativ hal da, ola bilər, müsbət hal da, yetər ki, dövlətimizin əleyhinə heç nə olmasın.
Azərbaycan dövləti bu gün dünyanın ən sabit ölkələrindən biridir, bunu dərk etməli, qiymətini bilməli və ona sədaqətlə xidmət etməliyik. VƏSSALAM!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
416