DÜNYANIN BİR NEÇƏ ALİ MƏKTƏBİNƏ QƏBUL OLAN GƏNCİMİZİ SİZ DƏ TANIYIN.
Səhər tezdən telefonumu işə salan kimi Şəki şəhərindən bir dostumun, Ağsaqqal, ziyalı bir insanın Arzu müəllimin mesajını aldım. Onun nəvəsi Murad Abdulhəmidov 661 bal toplayıb. Əslində çox xoş oldu, sübh tezdəndən dostunun sevincinə şərik olmaq və ən əsası səhərini xoş xəbərlə açmaq, günə belə gözəl xəbərlə başlamağın başqa yeri vardır. Biz də öz növbəmizdə Arzu müəllimin nəvəsi haqqında internetdən istifadə edərək bəzi məlumatlar əldə edə bildik. Məlum oldu ki, bu gəncimizin böyük gələcəyi varmış, o artıq bu xoşbəxt gələcəyin təməlini dünyanın aparıcı ali təhsil ocaqlarına qəbul olmaqla təmin etmişdir:
Abdulhəmidov 8 yanvar 2005-ci ildə Bakı şəhərində anadan olub.
2011 – 2016-cı illərdə Bakı şəhər 9 saylı tam orta məktəbində, 2016 – 2019-ci illərdə Texniki-Humanitar Liseydə, 2020 – 2022-ci illərdə Akademik Zərifə Əliyeva adına liseydə təhsil alıb. Bu il Liseyi qızıl nişanla bitirib. 2021-ci ildə Türkiyə, ABŞ və Azərbaycanın ADA, UNEC, Xəzər kimi universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında yüksək nəticə – əvvəl 1470, sonra isə 1520 bal, toplayıb.
2020 və 2021-ci illərdə Respublika fənn olimpiyadalarında bürünc medal qazanıb. 2020-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi on-layn “Fibonacci” intellektual oyununda təhsil aldığı Akademik Zərifə Əliyeva adına liseydə liseyin “Tesla” komandasının tərkibində iştirak etmiş və bu turnirdə “Tesla” komandası 1-ci yeri tutmuşdur.
Əslən Şəkidən olan Murad Abdulhəmidov — Akademik Zərifə Əliyeva adına liseyin 2022-ci il qızıl nişanlı məzunudur. Necə deyərlər “Ot kökü üstündə bitər”, onun valideynləri də, babası da, təhsillidir, odur ki, Murad da, öz soykökünə sadiq qalaraq təhsilə daha çox önəm verib.
2021-ci ildə SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında 1520 bal toplaması isə təkcə təhsil aldığı Liseyin deyil, bütün Azərbaycan təhsilinin uğurudur.
Diaspor.info
Şəki şəhəri.
374