Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15–16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi respublikamızın, xüsusilə dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın əyani təsdiqidir. Təşkilatın əsas məqsədləri sırasında üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması kimi məsələlər mühüm yer tutur. Bütün bunlarla yanaşı, qurum regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsinə, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasına da xüsusi diqqət göstərir.
ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin, həmçinin sabitliyin təminatı müəyyənləşdirilib. Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində bu ölkələrlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğunu bildirib, həmçinin sentyabrın 12-13-də Ermənistan–Azərbaycan sərhədi zonasında təxribatla bağlı ölkəmizin qəti mövqeyini, sülh siyasətinə sadiqliyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev cənablarının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü də diqqət çəkib. Hər iki qardaş ölkə liderlərinin görüşündə Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələr fonunda gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən zamanında uzaqgörənliklə həyata keçirilən layihələr artıq dövrün tələbinə uyğun olaraq öz bəhrəsini verir. Ölkəmiz üzərindən daşınan yüklərin həcminin artması isə onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Dövlətimizin başçısı çıxışında Vətən müharibəsindən sonra regionda yaranan postmünaqişə reallıqlarına da toxunub. Bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə ölkə rəhbəri bildirib. Dövlət Başçımız Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik prinsipləri əsasında qurmasını bir daha görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatında məsləhətçi