Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını qəbul etməsi çox sevindirici haldır.
Diaspor info xəbər verir ki, bu sözlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycanın İsraildə səfirliyinin açılması qərarına münasibətində yer alıb: “Qardaş Azərbaycan hökumətini və xalqını bu tarixi və əlamətdar qərarın qəbul edilməsi münasibətilə təbrik edirik: “İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəlib”.
Qeyd olunub ki, azərbaycanlılarla yəhudilərin dostluğu və qardaşlığı minilliklər öncəyə gedib çıxır: “Əsrlərdir Azərbaycan və Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları var. İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir. İsraildə Azərbaycanın səfirliyinin açılması hər iki ölkə‚ dövlət və xalq üçün uğurlu və düşərli olacaq. Həmçinin münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək”.