ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə II Demokratiya Sammiti keçirildi. Dünyanın 120-dən çox ölkəsini təmsil edənlər qoca Baydenin moizələrinə qulaq asmaq üçün bir araya gəldilər. Sem dayının prototipi olan bu ixtiyar amerikalının dediyinə görə sammitə dəvət olunan ölkələrdə ən azından demokratiya haqqında təsəvvürlər var, qalanlarında isə ya normadan aşağıdır, ya da heç yoxdur. Digər rakursdan baxanlar isə bu tədbiri demokratiya adı altında Baydenin tərəfdaşlarını təftiş etmək proseduru da adlandırırlar. ABŞ prezidenti Rusiya və Çinlə haqq-hesab çürütmək məqamı gələndə daha çox hansı ölkənin onun yanında duruş gətirə biləcəyini ölçür və indidən hesabını aparır. Əslində burada qeyri-adi heç nə yoxdur, güc təkcə hərbi arsenaldakı nüvə naşlıqlarının sayı ilə hesablanmır, həm də ətrafında kimin olması ilə ölçülür.
Bundan əvvəl Rusiya da “lakmus kağızı”ndan istifadə edərək MDB və KTMT-də təmsil olunan ölkələrinin “dişi”ni yoxlamışdı. Bu tədbirə müşahidəçi qismində digər “dost” ölkələri də dəvət etmişdi. Bününla da səngərin fərqli tərəfində dayanan güclər çətin və məşəqqətli yola kiminlə çıxacaqlarını təxmin etmişdilər. Düzdür, hər iki tədbirdə iştirak edən dövlətlərin heç də hamısı tədbirin təşkilatçı və təşəbbüskar olan “supergüclər”in əmrlərinə “ləbbeyk” deməyəcəkləri gözlənilən idi. Amma “sınamaqda fayda var”, deyə düşünən moderatorlar görüntü naminə də olsa tərəfdarlarının sayını nümayiş etdirirlər. Baydenin sammitinə dəvət olunanların sayında sıxlıq olsa da, burada iştirak edən dövlətlərin məhz demokratik dəyərlərinə görə çağrılmadıqları ortadadır.
Beynəlxalq təşkilatların hesabatlarında göstərilən demokratiya dərəcələri ilə qoca Baydenin “müdrikcəsinə” tərtib etdiyi siyahı arasında xeyli fərq var. Bu da onu göstərir ki, deyilənlər həqiqətdir, Ağ Evin indiki sahibi “demoktratiya” adı altında dünyanı iki cəbhəyə bölür, ikitirəlik yaradır. ABŞ başqa cəbhədə olan ölkələrə dərs keçməyə çalışır ki, bu da bir çox dövlətlər tərəfindən ciddi qəbul edilmir. Son “sammit” ilə hələ də dünyada qondarma demokratiyanın müəllimi olduğunu iddia edən Amerika həmin tədbirdə bir sıra ölkələrə “əxlaq” dərsi keçmək üçün onları “şagirdlər” adı altında bir araya gətirməyə ikinci dəfə cəhd edib. Əlbəttə bu dərsdə iştirak etmək həmin ölkələrin suveren haqqıdır, lakin burada əslində çoxları görür ki, dünyanı birinci və ikinci dərəcəli ölkələrə bölmək cəhdləri indi çoxları tərəfindən təbəssümlə qarşılanır. Ona görə də “demokratiya sammiti”ni “bir növ ciddi hadisə kimi təsnif etmək olmaz.
ABŞ prezidenti bir tərəfdən demokratiyadan danışır, digər tərəfdən 30 il Azərbaycan torpaqlarında vandalizm aktı törədən, 1 milyona yaxın vətəndaşını öz evindən didərgin salan, onların adi yaşamaq haqqını əlindən alan, mülkiyyət hüququnu tanımayan bir ölkəni – Ermənistanı sammitə dəvət edir. Belə çıxır ki, ABŞ prezidenti demokratiyanın heç “d” hərfini də anlamaq iqtidarında deyil. Digər tərəfdən, Bayden başqa ölkələrin ərazi bütövlüyünə də hörmətlə yanaşmır, Çinin suveren ərazisi – Tayvanı da sammitə dəvət etməklə dünyada presedentin davamını gətirmək və beləliklə dünya xaosu yaratmağa çalışır. Siyahıda Misir, Çin, Rusiya, Türkiyə və bir sıra digər ölkələrin adının olmaması fəlakət sayılmasa da beynəlxalq münasibətlərin inkişafında ən böyük əngəldir, deyə bilərik. Siyahıda yer alan ölkələrin əksəriyyəti gələcəkdə Rusiya və Çin kimi nəhənglərlə mübarizədə istifadə edilməsi mümkün olanlardır.
Hardadır demokratiya?
"Demokratiya sammiti"ndə iştiraka dəvət almış 109 ölkənin hansı kriteriya ilə seçildiyi böyük sual doğurur. Haqqı çatan bəzi ölkələr siyahıdan kənarda qalıb, amma adları anti-demokratiyanın əksər təzahürlərində hallanan bəzi ölkələr isə siyahıya salınıb. Məlum olur ki, əslində siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından tərtib olunub. Rəsmi Vaşinqton özünün yeni strategiyasını müəyyənləşdirmək üçün dünya dövlətlərinin arasında bu cür mənasız ayrıseçkilik salır və onları iki düşərgəyə bölür. Deməli, sammitin hədəfi demokratiya yox, Çinin qlobal liderliyinin qarşısını almaq və Rusiyanı cilovlamaq üçün yeni platforma inşa etməkdir. Siyahıda yer alan dövlətlər isə öz milli maraqlarına zidd olaraq daha bir qlobal oyunun ssenarisinə daxil edilirlər. Siyahıda olmayan Azərbaycan və Türkiyənin ABŞ-ın qlobal ambisiyasında alət rolunu oynayacağı mümkün deyil. Bu sammitdə iştirak etməmək əslində bizim seçimimizdir. Azərbaycan-Türkiyə birliyi regionda artıq güc mərkəzidir və hansısa ölkəyə qarşı tərtib edilmiş oyunlarda yer almaq niyyətində deyillər. Bu cür sammitlər vasitəsilə dünyanı iki qütbə - yaxşılar və pislər düşərgəsinə ayırmaq, ayrıseçkiliklə dövlətləri bir-birinə qarşı qoymaq qəbuledilməzdir. Bu dünya birliyi üçün bir təhdiddir, dünya nizamı üçün zərərlidir, münasibətlərin pozulmasına gətirib çıxaran addımlardır.
Samitdə iştirak edən ölkələrlə bağlı müxətlif fikirlər də var. Bu ölkələrin bir qisminin mövqeyi və nüfuzu çox aşağı olan ölkələrdir. Digər bir hissəsi isə öz mənfəətini, məqsədini güdənlərdir. Onların sammitə qatılmaqla ABŞ-dan nə isə umacaqlarını ifadə edirlər.
Ermənistan Sammitə dəvətini alıb. Guya ki, bu ölkədə demokratiya ABŞ-ın ölçü vahidinə uyğundur. Yəni ən azından azad seçkilər keçirilir, insan haqları qorunur, mətbuat və söz azadlığı bərqərar olub. Amma Ermənistana içəridən baxanda hər şeyin çox bərbad vəziyyətdə olduğu görünər. Əgər hesab etsək ki, adıçəkilən kriteriyaların cəmiyyətdə mövcud olmasının əsas səbəbkarı hakimiyyətdir, onda Ermənistanda so 4 ildə baş verənlərlə demokratiyanın bir araya sığmadığnı Baydenin diqqətinə çatdırmaqda bir fayda olacağını düşünürük. Ermənistan işğalçıdır, insan haqlarını tanımır, qorumur, başqa dinlərə, millətlərə, mədəniyyətlərə qarşı dözümsüzdür, müxtəlif istiqamətli fobiyaların müəllifi və icraçısıdır, ərazisində başqa etniklərin yaşamasına qısqanclıqla və aqressiv şəkildə yanaşır. Bu ölkənin hazırkı lideri Paşinyan ilkin olaraq bəyan etdiyi demokratik dəyərlərdən geri çəkilib, etirazçıları təqib edib və ya həbs edib, medianı susdurub və ictimaiyyətin rəyini nəzərə alır, qərarları birtərəfli qaydada qəbul edir. Paşinyanın seçkiləri zamanı əlində çəkic tutaraq siyasi rəqiblərinin başını sındırmaqla hədələməsi də unudulmamalıdır. Əcəba, Ermənistanı bu sammitə dəvət etməklə Bayden dünya birliyinə nəyi izah etmək istəyib?
“Sammit”in qarşısında “demokratiya” sözü yazılmasaydı, bəlkə də Baydeni başa düşmək olardı. Amma Ermənistan kimi barbar ölkənin bu siyahıda yer almasında başqa məqsəd güdüldüyü artıq ortadadır. ABŞ bu addımı atmaqla, çox güman ki, Ermənistan hökumətini Qərblə yaxınlaşdırmaq istəyir və bunun üçün İrəvanı şirnikləndirir. Yəni Ermənistanı Rusiyanın caynağından qoparıb almaq istəyən Vaşinqton bunun üçün hətta ABŞ-ın ən yüksək prinsiplərini də qurban verməyi gözə alıb. Bəs demokratiya səviyyəsinin dəvət olunan ölkələrin əksəriyyətindən qat-qat yüksək olduğu Azərbaycan, Türkiyə və Macarıstanı diqqətdən kənarda saxlamaqda hansı məqsədlər güdülə bilər. Yaxud ABŞ bu ölkələri dəvət etməməklə hansı dividentlər qazanmağı qarşısına məqsəd qoyub?
Əgər nəzərə alsaq ki, Bayden ABŞ-dakı erməni lobbisinin təsiri ilə Ermənistanı bu sammitə dəvət edib, bu, daha pis. Amerika diplomatiyasında zəiflik, İrəvana əyilmək, onun çaldığı hava ilə oynamaq ABŞ-ın dünya birliyindəki imicinə ciddi zərbə vurur. Cənubi Qafqazı qan gölünə çevirən, terror aktları ilə təhdid edən, qeyri-bəşəri fəaliyyəti ilə tanınan Ermənistanın sammitə dəvət olunması əslində Qərbin, xüsusən də ABŞ-ın demokratiya anlayışını tam əks etdirir. Başqa ölkələrin demokratiya dəyərlərinin ölçülməsi də əslində faydasızdır. Sammit “demokratiya” adı altında artıq ikinci dəfədir ki, keçirilir və bu günə kimi öz məqsədinə nail olmayıb. Bu məqsədin demokratiya ilə əlaqəli olması da şübhəlidir. Ermənistandan başqa Suriya və Liviyanın da sammitə dəvət edilməsi isə Baydenin “demokratiya qızdırması” xəstəliyinə tutulduğunu təsdiqləyir.
Sammitin adı nə olsun?
Bütün baş verənlərdən çıxış edərək deyə bilərik ki, bu sammitin adı mütləq dəyişdirilməli, “Demokratiya Sammiti” deyil, “ABŞ müttəfiqlərinin Sammiti” qoyulmalıdır. Builki sammit isə beynəlxalq münasibətlərdə gülünc biz vəziyyət yaranıb. Dəvət olunan 120 ölkədən səkkizində hələ də vətəndaş müharibəsi gedir. Demokratiyanın əsas elementlərindən olan sosial rifah, adam başına düşən gəlirin ABŞ-ın elan etdiyi dəyərlərlə uyğun gəlmədiyi bu ölkələrin sammitə dəvət edilməsi də qeyri-ciddilikdən xəbər verir. ABŞ lideri Ermənistanı dəvət etməklə XXI əsrdə sivil insanların qətlinə haqq qazandırır.
Paşinyan “Demokratiya Sammiti”ndəki çıxışında Ermənistanın Qarabağda baş verənlərə göz yuma bilməz, deyib. Hədə-qorxu yağdırıb, müharibə ilə hədələyib və nəhaqət sülh prosesindən danışıb. Bir sözlə, hətərən-pətərən vurub. Erməni baş nazirin çıxışındakı bəzi nüanslar, əslində bu ölkənin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir. Paşinyan bildirib ki, “Ermənistan bütün dünyada insan hüquqlarının pozulmasını qətiyyətlə pisləyir və biz soyqırımların, etnik təmizləmələrin və vəhşiliklərin qarşısını almaq üçün birlikdə çox şey etməliyik. Bu gün Qarabağdakı ermənilərlə baş verənlər, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və bunun nəticəsində yaranan humanitar böhran açıq şəkildə ermənilərə qarşı etnik təmizləmə cəhdidir”. Bəli, bunu Paşinyan, Ermənistanın lideri deyib. Həm də o ölkənin lideri ki, məhz Qarabağda və Ermənistanada yaşayan etnik və aborigen xalq hesab olunan azərbaycanlılara qarşı insanlığa sığmayan vandallıqlar edib, soyqırımı törədib, insanların yaşamaq haqqını əlindən alıb, azərbaycanlı olduqlarına görə, uzun illər əsirlikdə, girovluqda saxlanılıb, öldürülüb. Paşinyan indi haqqında danışdığı blokadanı Ermənistanın 30 ildən artıqdır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana qarşı tətbiq etdiyi danılmaz faktdır.
Sammitə dəvət edilməmək hər şeyin bitdiyi anlamına gəlmir, əksinə ölkənin nə qədər müstəqil siyasət yürütməsinin göstəricisidir. Məsələn NATO və Aİ üzvü olan, bununla belə müstəqil xarici siyasətilə Qərbin güc mərkəzlərinə öz istəklərini diktə etməyi bacaran Macarıstan Baydenin sammitinə dəvət edilməyib və bu yolla Budapeştin növbəti dəfə təklənilməsinə çalışılır. On illərdir demokratik seçkilərin keçirildiyi, ABŞ-ın özünə müttəfiq hesab etdiyi və Ukrayna müharibəsində qlobal əhəmiyyətli rolu öhdəsinə götürmüş Türkiyə də sammitə dəvət edilməyənlər arasındadır. Yəqin ki, bu yolla Vaşinqton həm də may ayında Türkiyədə keçiriləcək seçkilərin nəticəsinə təsir göstərməyə çalışır.
Azərbaycan isə ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verib. Onun Yaxın Şərqdə və Əfqanıstandakı əməliyyatlarında sülhməramlı missiya ilə iştirak edib. Hazırkı enerji böhranı şəraitində Qərbin etibarlı tərəfdaşına çevrilib. Bu, əslində Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü göstərən daha bir nümunədir. Azərbaycan hakimiyyəti müstəqillik illərində ölkənin yerləşdiyi əlverişli geostrateji mövqeyindən məharətlə istifadə edərək qlobal və regional qarşıdurmalardan, toqquşmalardan, gərginliklərdən kənarda qalmağı bacarıb. Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrilməsində bu cür qoşulmama mövqeyinin rolu danılmazdır. Bir ölkənin demokratik prinsiplərin əsas götürülmədiyi bu sammitə qatılıb-qatılmaması onun demokratiyasının indeksi kimi qəbul edilməməlidir. Bu, yalnız Baydenin mizan-tərəzisinə uyğunlaşdırılmış bir ölçüdür, əksər vaxt yanlış rəqəmlər göstərir.
V.VƏLİYEV