Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olub. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olub. Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 18-də Zaqatala şəhərində keçirilən “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantıda səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi şəxsiyyətə həsr olunan sərgiyə baxıblar.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, bütün dövrlərdə ən ali örnək kimi qəbul ediləcək böyük vətəndaş, qüdrətli lider yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın, onun vətəndaşlarının işıqlı və xoşbəxt gələcəyi naminə yaşayırdı. Həyatını xalqına fəda edən, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifidir.
Məruzədə vurğulanıb ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət alıb. Qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, dünyəvilik kimi ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışıb.Diqqətə çatdırılıb ki, Ulu Öndərin bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasında hər şeydən əvvəl digərlərindən fərqli olaraq yüksək mənəvi, yaradıcı keyfiyyətlərə malik olması, təşəbbüskar və cəsarətli olması və həm də, onun xalq qarşısında duran mütərəqqi tələbatı düzgün müəyyən edərək, bütün fəaliyyətini dövlətin varlığına və onun durmadan inkişafına sərf etməsi olub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Dahi Liderin xalqımız və dövlətçiliyimizin ən çətin zamanlarda hakimiyyətə gəldiyini və vacib sahələrin inkişafında bütün imkanları səfərbər etdiyini vurğulayıb.
Sonra "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan söz açıb. Bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi müstəqilliyini yenicə qazanmış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, müharibəyə cəlb olunmuş dövlətimizin gələcək qələbələrini təmin edəcək möhkəm təməli formalaşdırmaq fürsəti qazandı. Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kurs özünü 44 günlük Vətən müharibəsində də göstərdi, Müzəffər Sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidenr İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədə önəmli rol oynadı.
Tədbirdə Milli Məclisin deputatı Kamilə Əliyeva, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, rayon ziyalısı Rəfael Məcidov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib.
Qeyd olunub ki, Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, ölkənin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edərək böyük uğurlar əldə etməyi bacarıb. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edib. Cəbhədə qazanılan bu qalibiyyət siyasət masasında qazanılan qələbə ilə möhürlənib.
Toplantı konsert proqramı ilə başa çatıb.



