Ombudsmanın təşəbbüsü ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə Müəssisəsində tədbir keçirilib
Hər il olduğu kimi bu il də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ramazan bayramı münasibətilə əhalinin həssas qrupu olan məhkum uşaqlar üçün tədbir təşkil olunub.
Tədbir çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, müraciətləri dinlənilib, onlara ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb.
Sonda uşaqlara Ramazan bayramı münasibətilə Ombudsman Səbinə Əliyevanın təbrikləri çatdırılıb, bayram sovqatları təqdim olunub və onların asudə vaxtları səmərəli təşkil edilib.
Qeyd olunmalıdır ki, Müvəkkil əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.