Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir, bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
Ermənistan rəsmiləri, həmçinin parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.
Diaspor.info xəbər verir ki, bu fikirlər Milli Məclisin mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında qeyd edilib.
Açıqlamada, həmçinin deyilir: “Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş-çıxışı təşviq etmək məqsədinə xidmət edir.