"Ermənistanın Baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik".
Diaspor info xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın bəyanatına dair şərhində əksini tapıb.
Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur.
Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır.
Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçılarının keçirdiyi saxta “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi hər kəsə məlumdur.