Macarıstan Azərbaycan Evində beynəlxalq forumun iştirakçıları ilə görüş keçirilib
Budapeşt şəhərində Azərbaycan Diaspor Gənclərinin “Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumun iştirakçıları Macarıstan Azərbaycan Evinin fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayıb, diaspor gənclərinə burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi fəaliyyət göstərir. Bu evlər soydaşlarımızın bir araya gəlməsində, mütəşəkkil qüvvəyə çevrilməsində əhəmiyyətli rol oynayır.
Diaspor gəncləri Macarıstan Azərbaycan Evinin təşkilatçılığı ilə forumun keçirilməsini müsbət qiymətləndiriblər. Diaspor gənclərinin mütəşəkkil qüvvə kimi bir araya gətirilməsi baxımından Azərbaycan evlərinin böyük əhəmiyyət kəsb etdiyini, belə tədbirlərə intensiv şəkildə ev sahibliyi etməsinin önəmini vurğulayıb, forumdan gözləntiləri barədə fikirlərini bölüşüblər.
Sonra forum iştirakçılarının ifasında konsert proqramı təqdim edilib.
Qeyd edək ki, Macarıstan Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan forumda 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edir. Beynəlxal forum 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunub.