Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edib.
Diaspor info xəbər verir ki, Malayziyanın geniş oxucu kütləsinə malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni mərhələsinə başlamaq ərəfəsində olduğu qeyd edilib. “Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etməsi bəzi beynəlxalq gücləri çox narahat edib. Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini misal çəkmək olar. Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iqtisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqətini bir daha nümayiş etdirəcək”.
Malayziya nəşrində ölkəmizin son 20 ildə əldə etdiyi böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq neft-qaz layihələrindən bəhs edilib, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Qəzetin məqaləsində vurğulanıb: “Bütün bu uğurların arxasında onların memarı olan müdrik lider, insanları səfərbər edən siyasətçi dayanır. Onun yorulmaz fəaliyyəti həm də dünyada olan ədalətsizliklə mübarizəyə yönəlib. İlham Əliyev müsbət inkişaf tendensiyalarını irəli aparan liderdir”, -deyə yazıda qeyd olunub.
Estoniyanın “Riigikogu” nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı ilk təəssüratı yer alıb. Eston deputat bildirib ki, müşahidəçilərin məqsədi prezident seçkilərinin demokratik prinsiplərə uyğun olub-olmadığına, şəffaf səsvermə prosedurlarının və ədalətli təşviqat ab-havasının təmin edilməsinə nəzarət etməkdir. Prezident İlham Əliyevin seçkilərdə daha çox səs toplamaq şansının olduğunu qeyd edən Pikhof qeyd edib ki, o, Salyan rayonundakı məntəqədə səsvermə prosesini müşahidə edəcək. Məqalədə, həmçinin ATƏT DTİHB-nin seçkiləri müşahidə edəcək missiyasının tərkibi haqqında ətraflı məlumat verilib.uğrunda 7 namizəd mübarizə aparacaq, eyni zamanda, ölkənin tarixində yeni eranın başlanğıcı olacaq bu seçkiləri ATƏT-in DTİHB-nin nümayəndələri daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan 790 müşahidəçi izləyəcək. “Bu seçkilər onunla əlamətdardır ki, onlar ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilir”, -deyə sonda qeyd olunub.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Qazaxıstanın “Kazinform” agentliyinin saytında da analitik məqalə dərc edilib.
Məqalədə MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilib ki, prezident seçkilərini müşahidə etmək üçün 90 min müşahidəçi qeydə alınıb. Hər seçki məntəqəsində səsvermə prosesini 13-14 müşahidəçi izləyəcək. Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkiləri müşahidə edirlər. Bununla yanaşı, müxtəlif ölkələrdən olan 63 media təşkilatı da səsvermə prosesini izləyəcək.