Moldovadakı Azərbaycan diasporu Novruz bayramını qeyd edib
Martın 23-də Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirə rəsmi şəxslər, Azərbaycan diasporunun nümayəndələri, Moldovanın Dnestryanı sol sahili bölgəsinin və digər diaspor təşkilatlarının təmsilçiləri qatılıblar.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Türkiyənin səfiri Uyqar Mustafa Sertel, Qazaxıstanın Moldovadakı səfirliyinin müşaviri Maken Mukaşev, Moldova Parlamentinin deputatları – Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitaliye Jakot və qrupun üzvü Mariya Panku, MR Parlamentində Beynəlxalq Əlaqələr və Avrointeqrasiya Komissiyasının sədri İnna Koşeru, sədr müavini İon Qroza, MR Prezident Kabinetinin rəhbəri Adrian Belutsel tədbirin fəxri qonaqları olublar.
Tədbiri giriş sözü ilə açan Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun təbrik nitqindən sonra Səfir Ülvi Baxşəliyev, deputatlar İnna Koşeru, Vitaliye Jakot, həmçinin Azərbaycan icmasının ağsaqqalı Maarif Rəhimov çıxış ediblər. Natiqlər Azərbaycan və Moldova arasındakı dostluq əlaqələrindən, iki ölkənin hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləməsindən, münasibətlərin inkişafında diasporun, o cümlədən Moldova Azərbaycanlıları Konqresinin fəaliyyətindən, Novruz bayramının tarixindən, adət-ənənələrindən, xalqımız üçün əhəmiyyətindən danışıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılara milli Azərbaycan təamları, şirniyyatları, musiqili və əyləncəli bayram proqramı təqdim olunub. Kişineu və Benderidən olan MAK Həftəsonu məktəbinin şagirdləri bayram səhnəcikləri, milli rəqslər nümayiş etdirib, şən mahnılar səsləndiriblər. Novruz bayramının adət-ənənələrinə sadiq qalaraq, qonaqlar yumurta döyüşdürüb, tonqal üzərindən tullanıblar.