31 mart soyqırımının qurbanları Aktauda anılıb
Aktauda yerləşən Azərbaycan mərkəzində azərbaycanlı və qazax gənclərin, eləcə də Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetin müəllim və tələbələrinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Mərkəzinin rəhbəri, adı çəkilən universitetin “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi İlkin Orucov 31 mart soyqırımının qurbanlarının yad edilməsinin vacibliyini vurğulayıb və Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımının tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyib.
Türkiyə Cümhuriyyətinin Yunus Emre Mədəniyyət İnstitutunun eksperti Mustafa Kayıxan çıxışında 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımın ermənilərin uzun illər həyata keçirdiyi etnik təmizləmə siyasətinin sübutu olduğunu bildirib.
Universitetin tələbələri Kənan Əliyev, Yaqub Musayev və Fuad Səfərov soyqırıma dair təqdimatlarla çıxış ediblər.
Anım tədbiri çərçivəsində təşkil edilmiş sərgidə tələbələr 31 mart soyqırımını haqqında kitablarla tanış olublar.
Tədbir 31 mart soyqırımı haqqında sənədli filmin nümayişi ilə başa çatıb.
[center]