Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə böyük tədbirlər mərkəzi “Le Pavillon Dauphine”də qəbul təşkil olunub. Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin ifası ilə başlayıb.
Diaspor info xəbər verir ki, tədbirdə səfir Leyla Abdullayeva ölkəmizin müstəqillik uğrunda keçdiyi yoldan danışıb. Bildirib ki, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. İmperiyaların süqutuna təsadüf edən çətin dövrdə ciddi daxili və xarici çağırışlara baxmayaraq, AXC səmərəli dövlət institutları yaratmağa, vətəndaşlarının hüquqlarını qorumağa, beynəlxalq ictimaiyyətin etimadını qazanmağa nail oldu. AXC-nin müstəqilliyi məhz burada - Paris Sülh Konfransında tanındı. Birinci respublikanın ömrü qısa 23 ay olsa da, bu müddət ərzində dövlət, kimlik və demokratiya quruculuğu istiqamətində çox işlər görməyə nail oldu. Onun ən böyük nailiyyətlərindən biri də Qərb ölkələrindən çox əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququ vermək idi.
Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın keşməkeşli illər yaşadığını, dövlətçiliyinin qoruyub saxlamaq üçün mübarizə apardığını xatırladıb. Qonşu ölkənin hərbi təcavüzü nəticəsində ərazisinin 5-dən biri işğal olunduğunu deyib. Qeyd edib ki, Ulu Öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiyası Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub. Azərbaycan enerji, infrastruktur və nəqliyyat sahələrində çox saylı layihələrin müəllifi və qlobal platformanın aparıcı məkanına çevrilib. Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycanın hər iki sivilizasiyanın dəyərlərini əks etdirdiyini, müxtəlif mədəniyyətlərin unikal və harmonik şəkildə özündə birləşdirdiyini diqqətə çatdırıb.Azərbaycanın COP29-a ev sahibliyinin qürur mənbəyi olmaqla bərabər, böyük çağırış və məsuliyyət olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan COP29-la bağlı bütün ölkələrlə inklüziv və əməkdaşlıq şəraitində işləmək öhdəliyini bəyan edib və dövrümüzün ən vacib məsələsini müzakirə edəcək COP 29-un uğura çevriləcəyinə inanır.
UNESC yanında daimi nümayəndə Elman Abdullayev və səfirliyin hərbi attaşesi polkovnik Cavid Abdullayev də çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq təşkilatlarla konstruktiv tərəfdaşlığın qurulmasından, ölkəmizin müstəqillik uğrunda mübarizə yolundan, ərazilərimizin suverenliyinin bərpa edilməsində Silahlı Qüvvələrimizin rolundan, Bakıda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətindən danışıblar.