Azərbaycan Respublikasının milli bayramı 28 May – Müstəqillik Günü münasibətilə Qətərin ingilis dilində nəşr olunan “The Peninsula” qəzetində “Qətər-Azərbaycan əlaqələrinin möhkəm olduğu vurğulanıb” başlıqlı məqalə dərc olunub.
Diaspor.info xəbər verir ki, bu barədə Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, məqalədə ötən dövr ərzində Azərbaycan və Qətər liderlərinin yüksək səviyyəli səfərləri, eləcə də hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyi, həmin səfərlər çərçivəsində müxtəlif sahələri əhatə edən 36 saziş və anlaşma memorandumunun imzalandığı diqqətə çatdırılır.
Məqalədə həm Dohada, həm də Bakıda səfirliklərin fəaliyyət göstərməsinin Azərbaycan və Qətər arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi, siyasi, iqtisadi və mədəni sahələrdə daha sıx əməkdaşlığın asanlaşdırılmasına xidmət etdiyi qeyd olunur. Bildirilir ki, mədəni mübadilələr Azərbaycan və Qətər arasında əməkdaşlığın dərinləşməsində və möhkəmləndirilməsində mühüm rol oynayır. Xatırladılır ki, 2023-cü ilin mayında müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dohada ağacəkmə aksiyası təşkil edilib, 2024-cü ilin fevralında Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.