Ontario əyalətinin rəsmiləri 28 May – Müstəqillik Günü ilə əlaqədar bəyannamə və təbrik məktubları ünvanlayıblar
Kanadanın Ontario əyalətinin rəsmi şəxsləri və siyasi partiya rəhbərləri 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan icmasını təbrik ediblər.
Ontario Qanunvericilik Assambleyasının Spikeri Ted Arnot (Ted Arnott), Assambleyanın deputatı Marit Stayls (Marit Stiles), Quelf (Guelph) əyalətinin deputatı Mayk Şrayner (Mike Schreiner) və Cənubi Ottava əyalət parlamentinin üzvü Con Freyzer (John Fraser), Ontario Liberal Partiyasının lideri Bonni Krombi (Bonnie Crombie) Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təbrik məktubları ünvanlayıblar.
Məktubda Ontario əyalətinin rəsmiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar olaraq Ontario Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması münasibətilə icmamızı təbrik ediblər. Bu əlamətdar hadisənin bütün dünya xalqlarını birləşdirən ümumi azadlıq, müstəqillik və birlik dəyərlərinin sübutu olduğunu bildiriblər.
Qeyd edək ki, mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Ontario əyalətinin Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb.