Bu gün Bakıda “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilir.
Diaspor info xəbər verir ki, tədbiri iqtisadiyyat naziri Mikayıl Cabbarov açıq elan edib.
O, Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir:
Hörmətli Forum iştirakçıları,
“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayır və Dövlət Vergi Xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.
2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.
Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri onun 73-cü maddəsində əks olunub: “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur”. Konstitusiyamızda vergilərə dair müəyyən edilmiş bu müddəa dövlətimizin maliyyə sabitliyinin və davamlı inkişafının təminatı olub, ölkəmizin hüquqi və iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır.
Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır.
Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər. Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar. Fəaliyyətiniz dövlət büdcəsinin formalaşdırılmasında, eyni zamanda iqtisadi və sosial layihələrin həyata keçirilməsində xüsusi rol oynayır. Vergi ödəyiciləri ilə effektiv əməkdaşlıq, vergi ödəmələrinin düzgün və vaxtında həyata keçirilməsi yalnız iqtisadiyyatı deyil, həm də xalqın dövlətə olan etimadını gücləndirir.
Ölkəmizin qarşısında duran hədəf və vəzifələr çoxdur. Bu yolda sizin öz işinizə münasibətiniz və vətənə sədaqətiniz bizim üçün qiymətli sərvətdir. Əminəm ki, bu şərəfli vəzifəni yüksək səviyyədə yerinə yetirməkdə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməkdə davam edəcəksiz.
Dövlət Vergi Xidmətinin bütün kollektivinə möhkəm cansağlığı, peşə fəaliyyətində uğurlar diləyirəm. Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı və rifahı yolunda atdığınız hər bir addımda müvəffəqiyyətlər arzulayıram!