– Qulu bəy, Trump və Putin-in Alyaskada baş tutan görüşü necə qiymətləndirirsiniz?
– Bu görüşdən böyük gözləntilər vardı, amma nəticədə real razılaşma əldə edilmədi. Nə atəşkəs, nə də sülh müqaviləsi imzalandı. Trump öncə “ceasefire” – atəşkəs ideyasını müdafiə edirdi, lakin sonra gözlənilmədən birbaşa “peace deal” – tam sülh müqaviləsi üzərində israr etməyə başladı. Bu isə onun mövqeyində qeyri-müəyyənlik yaratdı.
Putin isə öz növbəsində Donetsk və Lugansk bölgələrindən Ukraynanın geri çəkilməsini və cəbhə xəttinin dondurulmasını şərt kimi irəli sürdü. Bu, Rusiyanın status-kvonu saxlamaq və mövqelərini möhkəmləndirmək cəhdi idi.
Ukrayna, Kiyev
– Avropa İttifaqının bu görüşə reaksiyasını necə dəyərləndirirsiniz?
– Avropa liderləri açıq şəkildə narazılıq bildirdilər. Onlar hesab edirlər ki, Ukrayna ilə bağlı hər hansı sülh planı yalnız Ukraynanın iştirakı və razılığı ilə mümkün ola bilər. Əks halda, bu, sadəcə Moskvanın xeyrinə müvəqqəti “pauza” olacaq.
Xüsusilə Almaniya və Fransa rəhbərləri vurğuladılar ki, “Ukraynasız sülh” Avropanın təhlükəsizliyinə real zəmanət vermir. Əslində, Avropa İttifaqı bu mövzuda həmrəylik nümayiş etdirdi və “kənardan təzyiq yolu ilə sülh” ideyasını təhlükəli hesab etdi.
– Ukrayna tərəfinin mövqeyi nədən ibarətdir?
– Ukrayna hökuməti dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi danışıqların əsas şərtidir. Yəni Kiyev heç bir halda Rusiya tərəfindən işğal olunmuş ərazilərin verilməsi ilə barışmayacaq.
Zelenski administrasiyası Trump–Putin görüşünə ehtiyatla yanaşdı və açıq dedi ki, Ukraynanın iştirakı olmadan qəbul ediləcək hər hansı “sülh planı” legitim deyil. Bu mövqe tamamilə haqlıdır. Çünki heç bir dövlət öz torpağının işğalını qanuniləşdirən razılaşmaya imza ata bilməz.
– Yekun olaraq, bu görüş gələcək proseslərə necə təsir göstərə bilər?
– Mənim fikrimcə, bu görüş daha çox siyasi nümayiş xarakteri daşıyırdı. Putin status-kvonu saxlamağa çalışdı, Trump isə özünü “sülh vasitəçisi” kimi təqdim etmək istədi. Amma nəticə yoxdur.
Gələcəkdə bu proses davam edə bilər, amma əsas məsələ Ukraynanın iştirakı və şərtlərinin nəzərə alınmasıdır. Əks halda, istənilən razılaşma kağız üzərində qalacaq.