31 avqust 2025-ci ildə Kiyev vilayətinin Fastov şəhərində baş vermiş silahlı hücum nəticəsində 28 yaşlı azərbaycanlı gənc İsmayıl Fərman oğlu Rəhimov həyatını itirib, mərhumun atası isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücum, keçmiş Ukrayna ordusu hərbçisinin sərxoş vəziyyətdə bazarda yaranan mübahisə zamanı silaha əl atması ilə baş verib.
Cinayətkar saxlanılıb, barəsində qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri üzrə iş açılıb. Prokurorluq ən sərt qanuni tədbirlərin görüləcəyini açıqlayıb deyə Qulu İbrahimov bildirib.
Hücumun sabiq Ukrayna ordusu hərbçisi tərəfindən törədilməsi isə cəmiyyətdə əlavə suallar doğurur.
Bunuda qeyd edim ki, hüquq-mühafizə orqanlarının ilkin açıqlamasına görə, hadisə milli zəmində baş verməyib. Ukrayna Daxili İşlər Nazirliyi və Kiyev vilayəti prokurorluğu bildiriblər ki, mübahisə şəxsi xarakter daşıyıb. Hücum edən şəxs saxlanılıb, barəsində “qəsdən adam öldürmə” və “qanunsuz silah saxlama” maddələri üzrə cinayət işi başlanıb. Prokurorluq bəyan edib ki, istintaq ən sərt qanuni tədbirlərin görülməsi ilə davam etdiriləcək və günahkarın qanun qarşısında məsuliyyəti təmin ediləcək.
Əvvəlcə, bu faciəyə yalnız kriminal hadisə kimi baxmaq lazımdır.
Bu, bir insanın məsuliyyətsizliyi, sərxoş vəziyyətdə əsəblərini idarə edə bilməməsi və silahdan istifadə etməsi nəticəsində baş verən ağır cinayətdir. Heç bir halda bu hadisə Ukrayna-Azərbaycan münasibətlərinə kölgə sala bilməz Q. İbrahimov bildirib.
Ukraynada yaşayan azərbaycanlı icması illərdir bu ölkənin inkişafında, müdafiəsində və cəmiyyətin bir parçası kimi yanında olub. Bu gün də diaspora nümayəndələri, idmançılar, ziyalılar və ictimai xadimlər açıq şəkildə bildirirlər ki, bu faciə iki xalq arasındakı dostluğu zədələməyəcək.
Azərbaycan və Ukrayna tarixən qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuş münasibətlərə malikdir. Müharibə illərində, çətin dövrlərdə bu münasibətlər daha da möhkəmlənib. Bu gün də vacibdir ki, təxribatlara, fərdi cinayətlərə, emosional reaksiyalara yol verilməsin. Hər iki ölkənin ictimaiyyəti birgə sülh və təhlükəsizlik üçün daha da sıx birləşməlidir.
Bu faciə, həm də bir daha göstərdi ki, silahlı zorakılıq problemi cəmiyyətlərin qarşısında ciddi çağırış olaraq qalmaqdadır. Biz sülh, qarşılıqlı hörmət və qanunun aliliyinə sadiq qalaraq, istənilən sınaqları birlikdə aşmalıyıq.
Buradan Ukraynada yaşayan bütün azərbaycanlılara müraciət edirəm: Sakitliyimizi, soyuqqanlılığımızı qoruyaq. Biz bu ölkənin bir hissəsiyik, burada dostluq və əməkdaşlığımızı davam etdirməliyik. Təxribatlara, nifrət çağırışlarına uymadan, qanunun aliliyinə və sülhə sadiq qalaraq birlik göstərməliyik,
deyə Qulu İbrahimov çağırış edib.
“Analitika və İnformasiya Platforması” və şəxsən öz adımdan mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, mərhumun atasına isə tezliklə şəfa diləyirik. Hüquq-mühafizə orqanlarından isə gözləntimiz odur ki, günahkar qanun qarşısında ən sərt şəkildə cavab versin deyə Qulu İbrahimov əlavə edib.
Qeyd edək ki, həmyerlimiz Qulu İbrahimov uzun illərdir Ukraynada yaşayır, “Analitika və İnformasiya Platforması” təşkilatın direktoru, hüquqşünas – politoloqdur.
