"OPEC + formatının reallaşmasında Prezident İlham Əliyevin rolu əvəzedilməzdir" ÖZƏL-ŞƏRH
"Nəhayət ki, ABŞ, Rusiya və Ərəbistan neft məsələsində ortaq məxrəcə gələ bildilər". Bunu Diaspor.infoya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, OPEC + formatının reallaşmasında Prezident İlham Əliyevin rolu əvəzedilməzdir: "Bu, Cənab Prezidentin qlobal siyasətdə tutduğu üstün mövqenin göstəricisidir. Prezidentin başçılığı altında coğrafi cəhətdən kiçik Azərbaycan böyük siyasətin aparıcı aktorlarından birinə çevrilmişdir
OPEC və qeyri OPEC ölkələri nazirlərinin növbəti iclası nəhayət ki, maraqların uzlaşması ilə bitməli oldu. İclasda gündəlik neft hasilatının azaldılması ilə bağlı "Əməkdaşlıq Bəyannamə"si təsdiqlənib. "Opec+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9, 7 mln. Barrel azaldılması qərarının icrasına yekdilliklə icazə verilib. Bu qərara Azərbaycan da öz dəstəyini verib.
"Mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır".
Məlumdur ki, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun payına düşür. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq neftdən asılı deyil. Bu ilin iki ayının göstəricilərinə əsasən, qeyri-neft sektorunda 6,7 faizlik artım tempi qeydə alınıb. Göründüyü kimi, hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır.
Qeyd edilməlidir ki, 2014-2016-cı illərdə neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. O vaxta nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Ona görə də ölkə iqdtisadiyyatında ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır.
Xatırladaq kı, koronavirus bəlasının dünyada tuğyan etdiyi dövrdə dünya həm də neft qiymətlərinin kəskin aşağı düşməsi ilə qarşılaşmalı oldu. Bir müddət öncə Səudiyyə Ərəbistanı ilə Rusiya Vyanada razılığa gəlmədikləri üçün rəsmi Riyad neft hasilatını artıraraq bazarda nefti çoxaltmaq qərarını vermişdi. Bu səbəbdən də brend markalı neftin 1 barelinin qiyməti dünya bazarında təxminən 13 dollara qədər endi.
Deməli, az qala insan həyatının bütün sahələrinə təsir edən neft-qaz faktoru bir daha sübut etdi ki, planetdəki az qala bütün prosesləri nizamlayan enerji faktorları məsələsi heç də təsadüfi deyil ki, geosiyasi və geoiqtisadi proseslərin əsasını təşkil edir. Və bu geoiqtisadi və geosiyasi mübarizə ötən əsrin ortalarından özünü göstərməkdə idi. Bu konteksdə, neftlə bağlı bazarda manipulyasiyaların və spekulyasiyaların səbəbi qlobal oyunçular arasında iqtisadi maraqların toqquşmasıdır.
ABŞ uzun müddətdir ki, Rusiyaya qarşı mübarizəsində qara qızıl kartından istifadə etməkdədir. Sovetlərin çökdürülməsində neft faktorundan istifadə edilməsi hər kəsin yaxşı yadındadır. Belə ki, OPEC dövlətləri 1985-ci ildə hasilatı gündəlik 2 milyon ton artırılaraq 6 milyon tona, ilin sonuna 9 milyon tona, 1986-ci ildə isə artıq 10 milyon tona çatdırmışdılar. Neftin qiyməti məhz həmin ərəfədə 3-5 dəfə düşmüşdü. Artıq 1986-cı ildə bir barel neft 10 dollara satılmağa başlamışdı. Hətta bəzi hasilatçı ölkələr, o cümlədən SSRİ neftini 6 dollardan satmaq məcburiyyətində qalmışdılar. Halbuki bir neçə il əvvəl "qara qızıl"ı birjalarda 32 dollara satırdı.
Beləliklə,1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Səudiyyə şeyxi ilə dil taparaq embarqosuz-filansız neftin qiymətinin 3 dəfə aşağı salmaqla, neft və qaz gəlirləri büdcəsinin 55 faizinə bərabər olan SSRİ-ni iqtisadi cəhətdən çökdürdü.
1980 –ci illərdə olduğu kimi, son bir neçə ildə, başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz dövlətləri ilə Rusiya arasında neftin qiymətinin tənzimlənməsi istiqamətindəki mübarizə, bir daha sübut edir ki,ABŞ dünyadakı əsas siyasi rəqibi olan Rusiyaya qarşı mübarizədə neft kartından istifadə etməkdə davam etməkdədir.
Ukraynadakı böhrandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bərabər neftin qiymətinin aşağı düşməsi, ötən ay yenidən Səudiyyə Ərəbistanı və Rusiya arasında neft qalmaqalı buna bir sübutdur. Hərçənd, son qalmaqalda, Moskvanın və ya xut Riyadın daha çox maraqlı tərəf kimi çıxış etməsi ilə əlaqədar ciddi fikir ayrılıqları var idi.
Beləliklə, iki gün öncə OPEC və qeyri Opec dövlətləri arasında razılaşma ən azı 2022 ci ilə qədər neft bazarında qiymətlərin sabit olacağına dəlalət edir".
Müəllif: Ceyhun Rasimoğlu