Əli Kərimlinin maxinasiya əməllərini ictimaiyyət bilməlidir ANALİTİK
Və ya AXCP sədri haqqında olan danılmaz faktları bir daha xatırlayaq
Sirr deyil ki, AXCP sədri zaman-zaman siyasi dividentləri ilə yanaşı, şəxsi mənfəətlərini də artırmaqla məşğul olub. Yəni maddi vəziyyətini yüksək səviyyədə təmin etməklə. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus təhlükəsi ilə bağlı ciddi ölçülər götürülür, bu xüsusda xalqın sağlamlığının mühafizəsi, bu təhlükədən minimal itkilərlə yan keçməsi üçün bütün tədbirlər görülür. O cümlədən, sosial təminatın davamlığı qorunub-saxlanılır. Lakin təəssüf ki, qaragüruh qüvvələr, xüsusilə Əli Kərimli bu və ya digər şəkildə Azərbaycan dövləti və xalqı əleyhinə fəaliyyətini davam etdirməklə, sözün əsl mənasında düşmənçilik sərgiləyir. Hətta insanları küçələrə çıxmağa, etirazlar etməyə səsləyən bu anti-milli ünsür faktiki olaraq, ölkəmizdə mövcud olan sabitliyi pozmaq üçün, ermənidən betər erməniçilik sindromlarını nümayiş etdirməkdədir. Halbuki, onun hazırkı dövrə qədər fəaliyyətinin hər birində anti-xalq, anti-Azərbaycan amilləri dayanmaqdadır. Ümumiyyətlə, zaman-zaman AXCP sədrinin maxinasiyaları, dövlət əleyhinə fəaliyyəti barədə ictimaiyyət də xəbərdar olmalıdır!
Qırmızı-qırmızı bəyan etdi ki, pulları ona dostları (???!!!) göndərir və s.
Digər tərəfdən, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes qurmaq, maddi gəliri artırmaq üçün hər bir vətəndaşa kifayət qədər imkan və şərait yaradılıb. Ancaq bu o demək deyil ki, sən bu imkanlardan sui-istifadə edərək, dövlətin cibinə girib ona kəf gələsən. Məsələn, götürək AXCP sədri Əli Kərimlini və onun dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə və digər maddələrlə ittiham olunmuş Elnur Seyidovla bağlı bir neçə il əvvəl ortaya çıxmış faktları. AXCP sədri həmin vaxtlarda ifşa olunan maxinasiyalar barədə, saxta bank köçürmələri haqqında bir kəlmə də heç nə demədi. Amma sözün əsl mənasında qırmızı-qırmızı bəyan etdi ki, pulları ona dostları (???!!!) göndərir və s.
Hətta bir neçə il əvvəl Ə.Kərimlinin əmisi oğlunun, eləcə də digər tanışlarının da bu kimi aqibətlərlə üz-üzə qalmaları bilavasitə Ə.Kərimlinin boynuna yazılmış günahlardır. Çünki bu gün "xalqımız alnının təri ilə, həbsxanalardan keçə-keçə, min bir əziyyətlə ölkəmizdə azadlıq və ədaləti bərqərar etməkdədir və edəcək" iddiası ilə çıxış edən AXCP sədri nədənsə son illər həbsxanaya düşüb-eləmir. Həbsxanalara düşənlər isə onun belə populist, araqarışdıran çıxışlarına mübtəla olaraq xəstələndirilən binəva kəslərdirlər. Ə.Kərimli bilməyə məhkumdur ki, onun tərəfindən xəstələndirilən beş-on nəfər belə kəsləri "xalq" adlandırmaq onun imtiyazında olmayan məsələdir. Bu gün xalq bu dövləti, bu məmləkəti, öz dövlət başçısını, dövlətçilik ənənələrini qoruyub-saxlayanlar kütləsidir, daha Ə.Kərimlinin günahı ucbatından həbsxanalara düşən beş-on nəfərə "xalq" deyə mütaciət etmək sadəcə cinayətdir!
AXCP sədrinin Texnikabank sərgüzəştləri unudulmayıb
Yaxşı olardı ki, Ə.Kərimli bir müddət əvvəl ona qarşı irəli sürülən bank maxinasiyaları haqqında daha ətraflı açıqlamalar verəydi və xalq da görəydi ki, AXCP sədri bankir kimi danışıb nəyisə sübut etməyə çalışarkən, əsil reallığı etiraf etmək gücündə deyil. Ə.Kərimli də unutmamalıdır ki, onun və yaxın qohumlarının müxtəlif banklar vasitəsilə həyata keçirdikləri 8 milyon 388 min manatlıq maxinasiya hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki Ə.Kərimlinin bankirlər kimi verdiyi cavablar özü-özlüyündə daha böyük suallar doğurur və bank qalmaqalını bir qədər də dolaşığa salır.
Qısa bir xatırlatma - Ə.Kərimli iddia edirdi ki, indiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almayıb, heç bir bankdan kredit götürməyib və heç bir bankda heç bir hesabı olmayıb. Yalnız 2012-ci ildə Beynəlxalq Bankda xüsusi hesab açıb ki, 2005-ci ildə parlamentə seçildiyi, amma mandatının ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alıb. Ancaq sonradan bəlli oldu ki, bank sənədlərində Ə.Kərimli 2008-ci ildə "Texnikabank"dan 145 min (!) manat məbləğində kredit götürdüb. Ə.Kərimli götürdüyü krediti elə həmin ildə də ödəyərək borc hesabını büsbütün bağlayıb. Deməli, Ə.Kərimli kredit götürüb! Hərçənd ki, o, bu gün də bu faktı təkzib etməyə çalışır.
"Cəbhə" sədrinin söylədiyi hər bir fikir onun öz əleyhinə işləyir
Xatırlatmaq yerinə düşərdi ki, bir müddət öncə Ə.Kərimli bayraqdar Elman Türkoğlunun "30 milyonluq villa" iddiasını da təkzib edə bilmədi. E.Türkoğlu indi yayılan bank sənədlərindən öncə demişdi: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir? Bilgəhdəki 3,5 milyonluq villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"
Əslində, ilginc nəticələr ortaya qoyur. Heç bir yerdə işləməyən Ə.Kərimli, xaricdə təhsil alan oğlu Türkel Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat (!) nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib?
Əli Kərilmli cavab verməlidir!
AXCP sədri Əli Kərimlinin daha bir maxinasiyası barədə də fakt deyək. Belə ki, cəbhə sədrinin Azərbaycanda bir sıra maraqları olan və maraqlarının təmin olunması üçün təzyiqlər göstərməyə cəhd edən beynəlxalq təşkilatlardan aldığı qrant vəsaitlərinə daha biri də əlavə olunub. Onun 2012-2013-cü illərdə Avropa Demokratiya Naminə Dəstək Fondundan 200 min dollar məbləğində qrant alması arxasında isə bir çox qaranlıq məsələlər dayanıb. Və çox maraqlıdır ki, daimi olaraq "demokratiyadan", "azadlıqdan", "korrupsiyadan" pafosla danışan Əli Kərimli yenə də əldə etdiyi vəsaitləri partiyadaşlarından gizlədib. Məsələn, "Azadlıq" qəzetinin böyük məbləğdə olan borcları, AXCP-nin qərargahla bağlı problemləri, icazısiz aksialara qatıldıqlarına görə cəbhə fəallarının ödənməmiş cərimələri və digər problemlərə baxmayaraq, Əli Kərimli tərəfindən mənimsənilmiş vəsaitlər sözügedən istiqamətlərə xərclənməyib.Beləliklə, Ə.Kərimlinin özündən və özünə yaxın olan ətrafından başqa bu barədə heç bir AXCP üzvünün xəbəri yoxdur.
Lakin digər maraqdoğurucu məqam da budur ki, gah xalqın cibinə girərək müxtəlif pulyığma kampaniyaları keçirən cəbhə sədri utanmaz-utanmaz elektoratı qarşısına çıxaraq özünü xalq yolunda yanan "əzabkeş azadlıq mücadiləçisi" kimi təqdim edir.
Bu kimi məsələlər isə bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, təmsil olunduğu düşərgədə əvəzolunmaz maxinator kimi tanınan AXCP sədri Əli Kərimli bu ərəfələrdə cəbhəçilər qarşısında hesabat verməyə məcbur olacaq. Çünki bu dəfə onun harasa qaçmağa imkanı yoxdur. Məhz bütün bu fikirlərdən və qabaqcadan gəlmişliklərdən o da aydın olur ki, Ə.Kərimli nə qədər özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri təkzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir...
Rövşən NURƏDDİNOĞLU