Qətiyyət tələb edən addımlar - ŞƏRH
Prezident İlham Əliyev: "Bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır"
"Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var". Bu fikirlər aprelin 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi proqram xarakterli geniş çıxışında əslində dövlətimizin strateji kursunun ilin ilk 3 ayında atılan taktiki addımları ifadə olunurdu. Dövlət başçısı çıxışı zamanı dünyanın yeni bir mərhələyə qədəm qoyduğu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyi bir zamanda Azərbaycan öz dinamik inkişaf tempini qoruyub saxladığını deyib.
"Bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır"
Müşavirədə ölkə rəhbəri müqayisə üçün diqqəti belə bir məqama yönəldir ki, pandemiyadan xilas olmaq üçün 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı ilə bağlı müraciət etdiyi halda Azərbaycanın adı bu siyahıda yoxdur: “Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır".
"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"
Bugünkü reallıqlar onu deməyə əsas verir ki, "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir". Bəli dövlət başçısı bütün çıxışlarında və qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarda daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Və aprelin 14-də də keçirilən müşavirədə bir daha dövlətimizin daxili siyasətinin əsas qayəsinin insanların sosial rifahı təşkil etdiyini göstərdi. Məhz buna görə də artıq ardıcıl olaraq neçə illərdir ki, dövlət büdcəsi sosial yönümdə tərtib olunur və onun mərkəzində məhz insan amili dayanır: "Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir".
"Əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək"
Dövlət başçısı son ayların bütün dünya ölkələri üçün çətin olduğunu bildirərək, Azərbaycanın bu sınaqlardan da uğurlu çıxacağını deyib: "İqtisadi nailiyyətlərimizlə bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı.
Qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir. Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək".
Bir sözlə, dövlət başçısı koronavirus pandemiyasının müdaxilə edilməsinə baxmayaraq üç ayın yekunlarını müsbət qiymətləndirərək bildirib ki, bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq: "Bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək".
Bəli, məhz bu günükü uğurlar əsil siyasətin, görülən real işlərin məntiqi nəticəsidir ki, 2020-ci ilin son günlərində Azərbaycan inkişaf etmiş dünya ölkələri sırasında 44-cü yerdədir.
Bütün bunlar isə, Prezident İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmasının reallıqlarıdır. Və xüsusi olaraq qed etmək lazımdır ki, pandemiyanın törətdiyi maneələrə baxmayaraq Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdə davam edir. Bu mənada ölkə başçısının təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş və Azərbaycanın Sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü xüsusi qeyd etmək lazımdır. Bu tədbir Azərbaycan dövlətinin həmrəylik və qarşılıqlı etimada söykənən münasibətlər əsasında dünya siyasətinin nüfuzlu iştirakçısı olduğunu bir daha sübut etmiş oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi öz xalqına arxalanaraq bu gün də qətiyyətli addımlar atır, əhalinin rifah halının daha da yaxşılaşması üçün çox əhəmiyyətli qərarlar qəbul edir. Dövlətimizin qüdrətinə güvənən xalqımız da çətin gündə ölkə rəhbərliyi ilə daha möhkəm həmrəyliyk nümayiş etdirməkdədir.
Bu yerdə dövlət başçısı İlham Əliyevin ilk dəfə prezident seçiləndə andiçmə mərasimində - “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, - dediyi sözlər hər birimizin yaxşı yadındadır. Bu gün sabit, müstəqil dövlətdə təhlükəsiz, firavan yaşayan hər bir ölkə vətəndaşı vaxtilə verilimiş bu vədin uğurlu nəticəsini gündəlik həyatında hiss edir və görür.
RƏFİQƏ KAMALQIZI