"Müxalifətin yanlış siyasəti onlara uğursuzluq gətirir" - MÖVQE
Əli Orucov: “Müxaliflər arasında müxtəlif maraqlı dairələrə işləyən qüvvələr var”
Cəmiyyətdə birliyin və bərabərliyin daha da möhkəmlənməsi istiqamətində iqtidar geniş və əhatəli addımlar atmaqdadır. Artıq partiyalar arasında canlı dialoqun qurulması üçün siyasi partiya sədrləri ilə görüşlər keçirilir. Artıq bu günə qədər 50-yə qədər siyasi partiya rəhbəri ilə görüşlər keçirilib. Ancaq bu dəfə də, AXCP-də və “Milli Şura” milli birliyin pozulmasına xidmət edən təxribatları ilə siyasi dialoq prosesinin uğurlarına kölgə salmağa çalışırlar. Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin siyasi dialoqa qatılmamalarının səbəbini onların xaricdən təlimat almaları ilə əlaqələndiriblər.
AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması və sivil məcraya yönləndirilməsi hamının istək və arzusudur: “Nəzərə almaq lazımdır ki, siyasi müxalifət partiyaları siyasi sistemin tərkib hissələrindən biri kimi demokratik ölkələrdə vacib institutlardandır. Müxalifət düşərgəsi də yekcins deyil. Onların arasında da müxtəlif maraqlı dairələrə işləyən qüvvələr var Yəni müxalifət fərqlidir müxtəlif spektrləri və qüvvələri əhatə edir. Ona görə də maraqlar da, yanaşmalar da fərqli ola bilər. İqtidarın son dönəmlər atdığı addımlar təqdirəlayiqdir. Lakin bunlar kifayət etmir. Çünki illərlə yığılıb qalmı. problemləri bir neçə aya həll etmək, yaxud da hansısa addımlarla çözmək mümkün deyil. Əsas odur ki, ortada siyasi iradə olsun. Partiyaların inkişafına imkanlar açılsın, o cümlədən müxalifət üçün elektron KİV-lər və maliyyə resurusrları əlçatan olsun”.
Ə.Orucovun sözlərinə görə, kimlərin nə düşünməsindən asılı olmayaraq hakimiyyət ölkədə birliyin və bərabərliyin daha da möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımlar atmaqdadır: “Bu davam edəcəksə hər şeyə qara eynəkdə baxan siyasi qüvvələr tədricən öz dəstəyini cəmiyyətdə tam itirəcəklər və məcbur olacaqlar ki yürütdükləri siyasi kurslarına dəyişikliklər etsinlər”.
Müəllif: Gülyana