"Rüşvətxor məmurların görülən işlərə kölgə salması yolverilməzdir" ÖZƏL - AÇIQLAMA
"Bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ölkəmizdə aparılan genişmiqyaslı işlərə və xüsusilə də islahatlara kölgə salırlar. Ölkədə başlanmış islahatlar və korrupsiyaya qarşı mübarizə bu halların qarşısını almağa yönəlib". Bu sözləri Diaspor.info-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov ölkədə korrupsiyaya qarşı aparılan tədbirləri dəyərləndirərkən deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev dünən yeni təyin olunmuş Baş prokurorla videokonfrans vasitəsilə görüşdü və çıxışı zamanı bir daha xüsusilə vurğuladı ki, ölkəmizdə başlayan sosial, siyasi, iqtisadi islahatlar şəffaflığın təmin olunması, iqtisadiyyatın inkişafı, dövlətin demokratik dəyərlərə sahib çıxmasına istiqamətlənib və inkişafımızın təməli məhz, bu islahatlardan keçir: "Bu islahatların ardıcıl olaraq bütün sahələri əhatə etdiyini də qeyd etdi. Təbii ki, eyni zamanda korrupsiya hallarına qarşı mübarizə sahəsində görülən işlərə də toxundu. Xüsusilə, Baş prokuroru qəbul edərkən bu sahənin diqqətdə saxlanılması və korrupsiya hallarının aradan qaldırılması üçün kəskin və dönməz mübarizə aparılması sahəsində tövsiyyələrini və tapşırıqlarını verdi. Bütün bunlar Prezidentin siyasətinin ana xəttidir. Şəffaflıq, demokratik dəyərlərə sahiblik və ölkənin inkişafı, vətəndaşlarımızın sağlamlığı və s. bu kimi prioritet istiqamətlər Prezidentin fəliyyətinin tərkib hissəsidir. Çox təəssüf olsun ki, Prezidentimizin etdiyi xəbərdarlıqlara baxmayaraq bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ölkəmizdə aparılan genişmiqyaslı işlərə və xüsusilə də islahatlara kölgə salırlar. Ölkədə başlanmış islahatlar və korrupsiyaya qarşı mübarizə təbii ki, bu halların qarşısını almağa yönəlib. Bu ölkə Prezidentinin müvafiq sahədə qətiyyətininin bir daha baris nümunəsi oldu".
İlham Məmmədov vurğulayıb ki, bu sahədə görülən işlər əhalimiz tərəfindən də yüksək qiymətləndirilir: "Rüşvətxor və korrupsiyaya qarışmış məmurların görülən işlərə kölgə salması qətiyyən yolverilməzdi. Bunu çox yüksək qiymətləndiririk. Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuroru da xüsusilə prokurorluq orqanlarının qanun aliliyinin qorunmasında, korrupsiyaya qarşı mübarizədə daha qətiyyətli olmağa səslədi. Koronavirus pandemiyası ilə mübarizə dövründə ölkə əhalisinin ümumi abu-havası və əhval-ruhiyyəsi Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan dolayı yüksəkdir. "Biz birlikdə güclüyük" şüarı ilə Prezidentin atdığı hər bir addımı təqdirəlayiq hesab edirlər. Prezidentə ünvanlanan saysız-hesabsız məktublar da bunun baris nümunəsidir".
Müəllif: Nigar Məmmədova