"Azərbaycan qarşısına çox böyük və çox gözəl missiya qoyub" - ŞƏRH ÖZƏL
“Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə tədbirin keçirilməsi və bu təşəbbüsün məhz Prezidentimiz tərəfindən irəli sürülməsi təqdirəlayiqdir. Çünki bu təşəbbüs dünyada koronavirusun tüğyan etdiyi bir dövrdə baş verib”. Bunu Diaspor.info-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bu bəla ilə hər bir ölkə tək başına mübarizə apara bilməz: “Təbii ki, hər bir ölkənin bu məsələdə müəyyən təcrübəsi var. Azərbaycanın təcrübəsi həmin dövlətlərin bir çoxu üçün əsl nümunədir. ÜST-nın rəhbəri də konfransda Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın təcrübəsi, bu sahədə atdığı addımlar, gördüyü işlər digər ölkələr üçün bir nümunədir. Bəşəriyyət üçün böyük bir problemə çevrilən bu məsələnin birlikdə müzakirə olunması birgə mübarizənin bir göstəricisi deməkdir. Bu konfransda səsləndirilən fikirlər eyni zamanda qarşıdakı məsələlərin həlli istiqamətindəki fikirlərin ortaya qoyulması öz müsbət nəticəsini verəcəkdir”.
A.Hüseynov qeyd edib ki, bu konfrans Qoşulmama Hərəkatının birbaşa tarixinə düşəcək: “Bütün dünya ölkələri üçün gərgin bir dövrdə konfransın prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi və insanların sağlamlığı kimi vacib bir məsələyə yönəldilməsi çox önəmlidir. Azərbaycanın bu sahədə gördüyü işlər, eləcə də cənab Prezidentin təşəbbüsü ilə belə bir iclasın keçirilməsi Azərbaycanın bu sahədə öncül sıralarda olmasının göstəricisidir. Ölkə rəhbərinin öz vətəndaşlarına bu cür diqqətlə yanaşması, eləcə də bu məsələnin bəşəri bir problemin tərkib hissəsi olaraq digər dövlətlərinin rəhbərlərinin nəzərinə çatdırılması bir daha sübut edir ki, Azərbaycan qarşısına çox böyük və çox gözəl bir missiya qoyub”.
Müəllif: Aysel Məmmədova