“Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir” - ŞƏRH.
Görülən işlər Prezidentin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Açlış zamanı qeyd olunub ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.
Bəli, bu gün də Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "göydən gələn gözə görünməz bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas üçün ön sırada mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə çıxmaq üçün yollar arayır.
Bütün bunlar xalqın gözləri qarşısında baş verir. Dövlət başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının isə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü.
Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstəricisidir
Bəli bu aksiomadır. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan xalqının sağlamlığı və sosial rifahı dayanır. Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışından sonra müəssisələrin bir qrup işçisi ilə görüşündə çıxışı zamanı bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir: «Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilibdir. Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu, davam edir. Ancaq koronavirus pandemiyası
hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan.
Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır».
«Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır»
Dövlət başçısı bu şəraitdə tibbi sənayenin inkişafının böyük əhəmiyyət daşıdığını vurğulayaraq bu sahədə ardıcıl addımlar atıldığını bildirdi: «Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı”.
Prezident İlham Əliyev qeyd edib ki, tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu: “Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır».
“Mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil”
Prezident çıxışı zamanı bildirib ki, peyvənd icad edilənə qədər bu problem mövcud olacaq: “Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin
deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər”.
«Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək"
Dövlət başçısı, həmçinin bildirib ki, bütün vətəndaşların məsuliyyətli, qaydaları pozmadan əməl edəcəkləri halda bu bəladan az itkilərlə mübarizədə Azərbaycan qalib çıxacaq: «Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək. Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib».
«Həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək"
Prezident İlham Əliyev belə bir çətin zamanda anda insanların, həmçinin Heydər Əliyv Fondunun ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərmələri bi daha xalqımıza xas olan ən yüksək keyfiyyətlərini nümayiş etdirdiyini bildirdi: «Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək".
Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək son 17 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir.
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
RƏFİQƏ KAMALQIZI