Azərbaycan müharibəni seçərsə... - ŞƏRH ÖZƏL
“Bu gün qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edən proseslər Ermənistanın təcavüzkar siyasətinin birmənalı şəkildə davam etdirilməsi barədə nəticə çıxarmağa əsas verir. Yəni Ermənistan hakimiyyəti dünya birliyinin əks mövqeyinə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün qəti mövqedə dayanmasına baxmayaraq, beynəlxalq birliyin tələblərinə və beynəlxalq hüquq normalarının prinsiplərinə hörmətsiz yanaşaraq, özünün təcavüzkar siyasətini davam etdirir”. Bunu DİASPOR.INFO-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
Politoloqun sözlərinə görə, qanunsuz seçki keçirdikdən sonra, dünən qondarma Respublikada qanunsuz andiçmə mərasiminin keçirilməsi bir daha sübut edib ki, Ermənistan bu regionda sülh istəmir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət qoymur və beynəlxalq hüquq normalarını təhlükəli şəkildə pozmağı özünün ardıcıl dövlət siyasətinə çevirib. Çox təəssüf doğuran bir vəziyyətdir ki, beynəlxalq vasitəçilər ilk növbədə MİSK Qrupunun həmsədri olan ölkələr Ermənistanın ard-arda bu təcavüzkar siyasətinə və aparılan danışıqların ruhuna uyğun olmayan siyasətini cavabsız qoyurlar. Biz xüsusilə də qondarma seçkilərdən sonra,ən azından Paşinaynın Azərbaycanın ərazi bötövlüyünə hörmət etməsi üçün həmsədr ölkələr lazımı addımları atacaqlarını və ən azı Paşinyanı bu qanunsuz andiçmə mərasimində iştirak etməkdən çəkindirəcəklərini gözləyirdik. Amma nəyinki, çəkindirmədilər, əksinə Paşinyanın Azərbaycanın sərhədlərini qanunsuz şəkildə keçərək bizim tarixi şəhərimiz olan Şuşada belə qanunsuz andiçmə mərasimi keçirməsinə, tam şəkildə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə təhdid edən və işğalın nəticələrini qanuniləşdirməyə çalışan bəyanatlarla çıxış etməsinə göz yumdular”.
A.Quliyev vurğulayıb ki, bütün bunlar Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək üçün yeganə bir yol qarşısında qoyur: “Bu da ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücdən istifadə etməkdir. Əgər Azərbaycan bu addımı atarsa, bu addımın bunun bütün məsuliyyəti Ermənistanın və təcavüzkar Ermənistanın hərəkətlərinin qarşısını almaq üçün lazımı addımları atmayan dünya birliyinin üzərinə düşəcək. Bu gün Qarabağda baş verənlər təcavüzkar Ermənistanın təkcə Azərbaycana yox, sülhsevər dünya birliyinə meydan oxuması deməkdir”.
Müəllif: Aysel Məmmədova