MÜZAKİR HÜSEYNOV Ukraynada Azərbaycan Xalqının Adını Uca Edən Oğullarımızdandır.
Diaspor info saytı dünyanı lərzəyə gətirən koronovirus pandemiyası dövründə dünyada yaşayan və karantin vaxtı müəyyən səbəblər üzündən vətənindən kənarda qalanlara edilən dəstək barədə oxucularımızı mütəmadi məlumatlandırır.
Saytımıza Ukraynada köməksiz vəziyyətdə qalmış bir neçə gənc, tələbə və.s. soydaşlarımız müraciət edərək onlara dəstək olmağımızı istəyiblər. Bu günə kimi onlarla soydaşımızın müraciətini aidiyyatı qurumlara yönəltmişik, ən azından sözügedən soydaşlarımıza informasiya dəstəyi olmuşuq. İnsafən desək, soydaşlarımızın müraciətini istər Diasporla iş üzrə Dövlət komitəsi, istər Azərbaycanın Ukraynadakı səfirliyi, istər də, diaspor rəhbərləri müsbət qarşılayaraq onlara hərtərəfli kömək oldular. Lakin bir müddət keçdi, bir çox diaspor rəhbərləri karantin dövründə hər yerin bağlı olduğunu önə çəkərək, soydaşlarımıza kömək etməkdən imtina etdilər. Kiyevdə qalmış bir soyadımızla bağlı şəxsən özüm bir neçə diaspor rəhbərlərinə, adlı-sanlı iş adamlarına müraciət etdim. Açıq desəm cavabların çoxu məni məyus etdi. Sanki orada yaşayan iş adamlarımız, bəzi imkanlı insanlar gün çörəyinə möhtac kimi görsənməyə başladılar. Xarkov şəhərində uzun illər nəqliyyat sektorunda çalışan Müzakir Hüseynova da zəng etdik və Kiyevdə bir soydaşımızın acınacaqlı durumda olduğunu söylədik. Müzakir müəllim bizimlə söhbət edə-edə həmin soydaşımızın mobil telefonuna zəng etdi və soydaşımıza dedi ki, səni diğər telefonda da, eşidirlər. Bizim eşidəcəyimiz vəziyyətdə onunla ətraflı danışdı. Soydaşımızın müvəqqəti qalması üçün ona yer tapdı. Daha sonra onun bank kartına dərhal 100 dollar köçürdü və dedi ki, neçə ki, sən Ukrayna ərazisində qalmısan mən sənin bütün problemlərini qarşılayacağam. Buna görə heç bir quruma müraciət etməyə lüzum yoxdur. Əslində mənim üçün bu çox xoş oldu, çünki soydaşımız təsadüfən Ukraynada olduğunu dedi və heç yeri tanımadığı üçün çox pis vəziyyətə düşmüşdü. Müzakir Hüseynov onu elə danışdırdı ki, digər telefonda onunla qürur duyduq. Bu gün hamının maddi vəziyyəti karantinə görə yaxşı deyil, o cümlədən Müzakir Hüseynovun da işi əvvəlki kimi getmir. Ancaq bu insan heç nəyə baxmayaraq, kişilik göstərdi və soydaşımıza böyük bir dəstək göstərdi.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayəti üzrə sədri Qurban Abbasov da, Müzakir Hüseynov haqqında xoş sözlər dedi: “ Müzakir müəllim Xarkovdakı Azərbaycan məktəbində oxuyan şagirdlər üçün xüsusi avtobus ayırıb və iyirmi ildən çoxdur ki, təmənnasız körpə balalarımıza xidmət edir.”
Biz Müzakir Hüseynovun Ukrayna nəqliyyat sektorunda yaxşı əlaqələrinin olduğu haqqında da, öyrəndik.
Xarkov şəhərindəki Barabaşova bazarı ilə Proletarskaya metrosu arasında işləyən marşrut xətti Müzakir Hüseynova məxsusdur. Azərbaycanlı iş adamı çalışır ki, yanında soydaşlarımız üçün daha çox iş yeri olsun. Məlum məsələdir ki, azərbaycandan kənarda yaşayan soydaşlarımızın çoxu iş problemi ilə üzləşir. Bütün bunları nəzərə alan vətənpərvər iş adamı M. Hüseynov çalışır ki, soydaşlarımıza daha yaxşı şərait yaratsın.
Müzakir müəllimdən aldığımız məlumata görə, təkcə bir marşrut xəttində, onun yanında 11 nəfər azərbaycanlı sürücü işləyir.
Müzakir müəllim deyir ki, biz işləmək istəyən hər bir həmyerlimizə kömək edirik. Çalışırıq ki, Azərbaycan adını, mədəniyyətini həmişə yüksək , keyfiyyətli xidmətimizlə göstərək. M. Hüseynov deyir ki, nə qədər gücüm varsa, işləyirəmsə hər bir həmyerlimə kömək etməyə hazıram.
Müzakir müəllim təvazökarlıq edib insanlara etdiyi köməklikləri bizə deməsə də, bir neçə soydaşlarımızdan öyrəndik ki, o, tez-tez xeyriyyəçilik işlərində də, yaxından iştirak edir. İstər Xarkovdakı məscidə, istər də, hər hansı bir imkansız soydaşımızın səhhəti ilə bağlı yaranan problem vaxtı o, öz maddi dəstəyini heç kimdən əsirgəmir.
Müzakir müəllimin bu ağır günlərdə belə bizim çağırışımıza səs verərək, bir gənc Azərbaycanlı üçün etdiklərinə diqqət yetirərkən düşünürsən ki, o, Ukraynada Azərbaycan xalqının adını uca edən oğullarımızdandır.
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR.