MƏNİM POLİSİM MƏNİ QORUYA BİLİRMİ?
Artıq iki gündür ki, sosial şəbəkələrdə, Azərbaycan polisi haqqında bir qrup insanlar, təhqirlərlə dolu paylaşımlar edirlər. Bir ziyalı kimi bu məsələyə də, münasibət bildirməyi özümə borc bildim.
Bu gün səhər Naxçıvan şəhərindəki “ Şəhidlər Xiyabanında” oldum, qeyrətli oğullarımızı ziyarət etdim. Və elə ilk diqqətimi çəkən ad və soyad Azərbaycan Respublikasının Milli qəhrəmanı Məhərrəm Seyidov oldu. Məhərrəm Seyidovun Şəhid polis kapitanı olması, polisə qarşı mənfi fikir söyləyənlərin ən tutarlı cavabıdır.
Bütün sahələrdə olduğu kimi polis orqanlarında da, neqativ hallar mövcuddur, əks təqdirdə polis sıralarından heç kim qovulmazdı. Məntiqlə məsələyə yaxınlaşsaq, bir polis nəfərinin qeyri-etik davranışına görə bütün Azərbaycan polisini günahlandırırıqsa, onda elə həmin sosial şəbəkələrdə paylaşılan, çörək almaq üçün Azərbaycan xanımını əzən oğullara görə bütün xalqımızı günahlandırmalıyıq?
Mən Şəhid polisim Məhərrəm Seyidovun timsalında Azərbaycan polisinin “Mənim Polisim Məni Qoruyur” həm də, canı-qanı bahasına qoruyur, fikrini daha çox dəstəkləyirəm.
Artıq üç aydır ki, karantin dövrünə düşdüyüm üçün Naxçıvandayam. Karantin dövründə Naxçıvan polisinin fədakarlığı, nəzakətli davranışı diqqətimdən heç yayınmayıb. Xüsusən də, Respublikamızın hər bir bölgəsindən olan bir qrup tələbənin “Duzdağ Terapiya Mərkəzində” karantinə alındığı günlərdə Naxçıvan polisi həmin gənclərimizə qarşı xüsusi nəvaziş, səbr, və əxlaq göstərdi. Şəxsən özüm həmin vaxtı bir neçə tələbə ilə ayrı-ayrılıqda söhbət etmişdim. Hətta, söhbət zamanı dayana bilməyib, bir tələbəyə haqlı irad da, tutmuşdum. Bəlkə də, evlərində, doğmalarına, valideyinlərindən belə etmədikləri tələbləri Naxçıvan həkimləri və polislərindən edirdilər. Və sevindirici hal burasındadır ki, Naxçıvan həmişəki kimi öz qonaqlarına, elə sözün əsil mənasında “Qonaq” kimi qulluq edirdi. Həmin vaxtı tələbənin biri mənə yaxınlaşaraq, “sizin polisləriniz nə qədər səbirliymişlər” deməsi də, diqqətimi yaxşı mənada çəkmişdi.
Bütün karantin dövründə, hətta isti günlərdə belə Naxçıvan polisi maska və əlcəkdə olur, forma nizam-intizamını pozmadan iradə nümayiş etdirir. Bu mənim diqqətimdən heç vaxt yayına bilməzdi.
Naxçıvanda bütün bu kimi nizam-intizamı, sabitliyi yaradan isə, Naxçıvan Ali məclisinin sədri cənab Vasif Talıbovdur.
Bütün karantin dövrünü Muxtar Respublikada olduğuma görə, müxtəlif nəqliyyat vasitələriylə, Şərur-Ordubad istiqamətində və Naxçıvan şəhərinə dəfələrlə səfərlərim olub. Açığını desəm, səfərimin məqsədindən asılı olmayaraq, yol boyu ən çox diqqətimi çəkən məqam, DYP-nin əməkdaşlarının hər hansı kol dibində gizləndiyini görməməyim oldu. Düşünürəm ki, Naxçıvanda polisin gizlənəsi işi də, yoxdur. Hesab edirəm ki, onların daha vacib işləri var və bu işlər də, elə Naxçıvan polisinə baş ucalığı gətirir.
Ümumiyyətlə Vasif Talıbov cənablarının yaratdığı Naxçıvan sabitliyinin keşiyində Naxçıvan Polisi dayanır desək, yanılmarıq. Və əslində, bu elə, belə də, olmalıdır, çünki bu güc orqanının əsas vəzifələrindən biri də, asayişin qorunmasıdır.
Bu gün yenə də, Naxçıvan şəhərindəydim və piyada xeyli gəzdim. Saat meydanında da, oldum, “CHOCHA” kafesinin ikinci mərtəbəsindən Naxçıvan şəhərini doyunca seyr etdim. Təkcə havasıyla deyil, şəhərin təmizliyi, sürətlə gedən abadlaşma, ümumi sabitlik göz oxşayır, bütün bunlara baxaraq, qürur duymamaq olmur.
Naxçıvanda “Covid-19” pandemiyası, karantin dövründə, xəstəliyin kütləvi yayılmasının qarşısını almaq üçün atılan addımlar zamanı, səhiyyə işçiləri ilə yanaşı, Naxçıvan polisinin fədakarlığını da, qeyd etmək çox vacibdir. Kənardan seyr etməyimizə baxmayaraq, bu çətin dövrdə bütün qaydalara başda Cənab Sədr olmaqla, bütün Naxçıvanlıların riayət etməsi və demək olar ki, itgisiz nəticə göz qabağındadır. Buna görə şəxsən öz adımdan və Naxçıvanda doğmaları yaşayan Ukrayna Naxçıvanlıları adından Naxçıvan Ali məclisinin sədri Vasif Talıbov cənablarına minnətdarlığımı bildirirəm.
ƏLMANİZ ƏLƏKBƏRLİ
DİASPOR TƏŞKİLATLARININ
MONİTORİNQ MƏRKƏZİNİN SƏDRİ,
AZƏRBAYCAN YAZIÇILAR VƏ
JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.