"Bəyanat ATƏT həmsədrlərinə konkret çağırışdır" ÖZƏL-ŞƏRH
"Avropa Parlamentinin mötəbər şəxslərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sonuncu bəyannamənin demək olar ki, hər fikri, hər bir cümləsi bütünlükdə həm Ermənistanın təcavüzkar siyasətinin, həm də Qarabağ probleminin əsl mahiyyətini dünyaya açıb göstərməkdə çox böyük əhəmiyyətə malik olan faktlardır". Bunu DİASPOR.İNFO-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, bu bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsinin işlədilməsi xüsusilə öz məzmununa və əhəmiyyətinə görə seçilir: "Çünki təkcə bu fikir Ermənistanın 1980-cı illərin sonlarından başlayaraq Azərbaycana qarşı hansı təcavüz siyasətini apardığını və Azərbaycanın hansı torpaqlarını, ərazilərini işğal edərək qanunsuz şəkildə ilhaq etdiyini nümayiş etdirir. Digər tərəfdən işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz əməllərin həyata keçirilməsi, qanunsuz məskunlaşma, oradakı infrastrukturların dəyişdirilməsi və s. bütün bunların Ermənistanın öz təcavüzkar siyasətinin nəticələrini qanuniləşdirmək səylərinə qarşı daha bir beynəlxalq instansiyada vurulan zərbədir. Çünki əgər Avropa Parlamenti kimi mötəbər bir qurumun təmsilçiləri, hətta onun Ermənistan üzrə məruzəçisi bu gün Dağlıq Qarabağ kimi separatçı bir bölgədə Ermənistanın apardığı qanunsuz əməllərin nəticələrini pisləyirsə, orada infrastrukturun dəyişdirilməsini yolverilməz hesab edirsə və burada qanunsuz məskunlaşdırılmaların həyata keçirildiyini açıq şəkildə qeyd edirsə, bu artıq Ermənistanın beynəlxalq manevr imkanlarının xeyli dərəcədə zəiflədilməsi və kökünün qırılması deməkdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Avropa Parlamentinin mötəbər şəxslərinin qəbul etdiyi bu bəyannamə həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün növbəti bir kiçik yol xəritəsi kimi qəbul oluna bilər. Çünki hamı bilir ki, həmsədrlər müəyyən növbətçi bəyanatlardan başqa xüsusilə də son 10-12 ildə kəskin xarakterli bir dənə də olsun addımlar atmayıblar. Onlar yalnız seyirçi xarakterli bəyanatlarla kifayətləniblər. Bu bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinə çox ünvanlı və konkret bir çağırışdır. Artıq Ermənistanı konkret məsələlərin ətrafında təzyiq göstərmək və onu substansianal danışıqlara gətirib oturtmağın vaxtı yetişib. Mən bu bəyanatı ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çoxdan etməli olduqlarını və təəssüf ki, indiyədək etmədiklərini çox aydın bir şəkildə yada salmaq nöqteyi-nəzərindən çox yüksək qiymətləndirirəm. Yəqinki bu bəyanat hələ uzun müddət müzakirə olunacaq və həmsədrlərin bundan sonrakı fəaliyyətində, addımlarında bu bəyanatın nəticələri özünü göstərəcək”.
Müəllif: Ceyhun Rasimoğlu