“Milli Şura”da istefa növbəsi yaranıb? ANALİTİK
“Cinsi azlıq” və “buğa” məsələsi qurumun çatlaq təməlini birdəfəlik uçurdu
“Milli Şura” daxilində yaranmış ziddiyyətlərin nəticə etibarı ilə ardıcıl istefalarla müşahidə olunması şübhəsiz idi. Daha dəqiq ifadə etsək, bu qurumda müxtəlif siyasi baxışları olan müxalifətçilərin bir araya cəmləşməsi problemi əvvəlcədən məlum idi. Gah ateizm gah da dindarçılıq mövqeyindən dəm vuran, lakin özlərinin də nə istədikləri məlum olmayan “Milli Şura” təmsilçilərinin ümumiyyətlə bir qazana sığışmadıqları göz önündə idi. Əslində hazırda baş verən istefalardan başqa, daha öncələr dəfələrlə verilmiş səsli-küylü istefalar da məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Təhqir, söyüş, ələsalma, istehza və s. bu kimi davranışların mövcudluğu həm də qurumun əxlaqsızlıq mərkəzi və mərəzi olduğunu da isbat etdi. Daha nələr baş vermədi bu qurum daxilində? Ya da kimlər təmsil olunmadılar orada..? Vaxtilə Əlikram Hümbətovun “Talış Muğan Respublikası” adlı separat qurumunun təsis qurultayında iştirak etmiş Eldəniz Quliyevdən tutmuş qatı radikal sini qruplaşma rəhbəri Tale Bağırzadəyə, adı əxlaqsızlıq, ailə dağıtmaq məsələlərində hallanan Vidadi Mirkamaldan tutmuş daha kimlərə və kimlərə...
Tale Bğırzadə: “Milli Şura”nın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir”
Lakin məsələ yalnız bunda deyil. Bütün istefaların təməlində dayanan əsas məqam narazılıq, etinasızlıq, pul və şəxsi mənfəət davası, habelə üst-üstə düşməyən köklü maraqlar da dayanmaqdadır. Məsələn, cinsi azlıq məsələsindən sonra Rafiq Manaflının, Eldəniz Quliyevin, onların ardınca isə Demokratik İslam Partiyasının sədri Rövşən Əhmədlinin, həmçinin Tale Bağırzadənin, İlqar İbrahimoğlunun, Natiq Kərimovun “Milli Şura”nın qapısını çırparaq getmələri bu həqiqətləri əks etdirməkdədir. Əbəs deyil ki, T.Bağırzadə həbsxanadan göndərdiyi məktubunda bu məsələni belə ictimailəşdirib: “Bildirmək istəyirəm ki, “cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra “Milli Şura”nın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir”.
İstefasının mahiyyətini bir daha açıqlayan Bağırzadə daha sonra yazıb: “Mən “Milli Şura” üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! “Milli Şura” üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və “Müsəlman Birliyi Hərəkatı” tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək “Milli Şura”nı tərk etdiyimi bəyan edirəm”.
Beləliklə, istefaların ard-arda verilməsi artıq bu qurumda istefa növbəsinin yarandığını da sübuta yetirir və yaxın zamanlarda bu kimi addımların atılacağı da istisna olunmur. O cümlədən, müxalifətin dialoq və konstruktivlik tərəfdarı olan cinahlarını da təhqir edən “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Rahim Hacıyev, Qənimət Zahid və başqaları bu dəfə sərt cavablarla qarşı-qarşıya qalıblar.
Bədrəddin Quliyev: “Milli Şura”da təmsil olunanların çoxunun milli kimliyi bəlli deyil”
“Milli Şura”nın internet üzərindən apardığı müzakirələrə diqqətlə baxdım. Danışıqları, Cəmil Həsənlinin dialoqla bağlı aşağılayıcı fikirlər işlətməsindən sonra onların “ayağı sürüşkənliyi” obrazı bir daha gözümün qarşısında canlandı. Çünki belələrini haqq yoluna qaytarmaq üçün milli buğa lazımdır”. Bu sözləri isə Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib. O əlavə edib ki, dialoqa gedən partiyaların bu şəkildə aşağılanması etik qaydalara ziddir:
“Bizim dialoqa getməkdə məqsədimiz ölkəmizin taleyi, dövlətin gələcəkdə atacağı addımlarla bağlı birgə mövqenin ortaya qoyulmasıdır. Eləcə də Azərbaycanın milli problemlərinin həlli ilə bağlı Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq, ərazi bütövlüyümüzün təmin edilməsi, idarəetmə sistemində dəyişikliklər məsələsini qaldırdıq. Həmçinin, parlamentar idarə sistemi, bələdiyyələrə geniş səlahiyyətlərin verilməsi, yeni idarəetmə sistemi, xalqın seçkilər vasitəsilə proseslərdə iştirakına dair təkliflərimizi vermişik. Bunları dialoq zamanı hakimiyyətin diqqətinə çatdırmaq nə zamandan pis hal olub?”.
CXP sədri daha sonra bildirib: “Biz, təkliflərimizi vermişik. Habelə, milli kimlik, türk kimliyi haqqında fikirlərimizi çatdırmışıq. İndi “Milli Şura”da təmsil olunanların çoxunun milli kimliyi bəlli deyil. Onların müdafiə etdiyi dəyərlərə baxdıqdan sonra mən, həqiqətən, o qüvvələrin milli sistemimizə yaramadığını, orada təmsil olunanlarda milli məfkurə olmadığı, Soros və ya istənilən qüvvənin təsiri altında Azərbaycan cəmiyyətində gərginlik yaratmaq meyllərini görürəm...Sözsüz ki, antimilli qüvvələrlə bizim yaxınlaşmamız olmayacaq. Çünki bu qüvvələrlə beşinci kalonun əməkdaşlığı nəticəsində ölkəmiz geri qalıb. Mənim əminəm ki, gələcəkdə yeni sistem qurulsa belə antimilli qüvvələrə yer olmayacaq. Mən iqtidarlı müxalifətlə bütün milli qüvvələri eyni hədəflər uğrunda mübarizəyə çağırıram”.
Rövşən RƏSULOV