Paşinyan hakimiyyətini müvəqqəti uzatmaq istəyir TƏHLİL
Hazırda pandemiya ilə əlaqədar fövqəladə rejimin, karantin rejiminin tətbiqi bir çox ölkələrdə virusla mübarizə və insanların sağlamlığının, həyatının mühafizəsi məqsədi daşıyır. Amma Ermənistanda fövqəladə rejim tətbiqi belə bir məqsəd daşımır və artıq daşıya da bilməz, çünki, bu ölkənin hakimiyyəti necə deyərlər, əlçimi əldən verib və koronavirusla bağlı vəziyyət nəzarətdən çıxıb.
Lap elə Nikol Paşinyanın özündən tutmuş ən sıravi erməniyə qədər heç kim karantin rejiminin qaydalarına, mühafizə tədbirlərinə, sosial məsafənin qorunmasına və digər normalara riayət etmədikləri üçün bu ölkədə virusla əlaqəli vəziyyət həddindən artıq acınacaqlıdır və bunu, başda elə baş nazirin özü olmaqla səlahiyyətlilər özləri də etiraf edirlər. Virus təhlikəsinin ilkin mərhələsində bu ölkənin birinci şəxsinin buna saymazlıq nümayiş etdirib istehza ilə yanaşması ölkə vətəndaşlarının tamamilə etinasızlığına səbəb oldu və indi nəzarətdən çıxan vəziyyətin qarşısının alınması mümkünsüzdür. Ermənistana məxsus mətbuat səhifələrinin bu virusla bağlı hər gün yayımladığı statistika təsdiq edir ki, koronavirusa yoluxma halları bu ölkəsə dinamik şəkildə, hətta həndəsi silsilə ilə artmaqdadır. İndi nə karantin rejimi, nə də fövqəldaə rejim bunun qarşısını almaq üçün yetərli deyil. Çünki, əvvəla rəzalət içərisində olan bu ölkədə səhiyyə yox dərəcəsindədir ki, bu səhiyyə ilə xəstəliklə mübarizə ağıla sığan deyil, digər tərəfdən də assimtomatik xəstələrin belə yoluxdurma qabiliyyəti varsa və ölkə özbaşına buraxılıbsa, deməli bundan sonra heç bir rjim, heç bir tədbir yoluxma, eyni zamanda ölüm hallarının qarşısını ala bilməz. Belə olan halda Ermənistanda fövqəladə vəziyyət rejiminin tətbiqi nəyə lazımdır? Bəlkə də nəyə yox, kimə lazımdır deyə sual edilsə daha doğru olar.
Son vaxtlar Ermənistanda sosial durumun daha acınacaqlı vəziyyətə düşməsi, insanların səfalət içırisində qalması, bir tərəfdən də virusa yoluxma və ölüm hallarının dinamik şəkildə artması ictimai narazılıqlara səbəb olub ki, bu narazılığa görə erməni cəmiyyəti haqlıdır da. Çünki, küçə və meydanlarda bar-bar bağıraraq insanlara “qızıl dağlar” vəd edən Nikol Paşinyan baş nazir postunu ələ keçirdikdən, qamarladıqdan sonra və hakimiyyətdə olduğu bu iki il müddətində ermənilərin yaşayış şəraitində zərrə qədər müsbət dəyişiklik olmadı. Əksinə, səfalət daha da artdı, dövlət idarəetməsi əldən verildi, xaos yarandı, ictimai fikirdə parçalanmalar oldu və bir sözlə daha acınacaqlı hal hökm sürməyə başladı. Belə olan halda ermənilər təbii ki, həmin o “qızıl dağlar” vəd edərək baş nazir postunu ələ keçirən küçə nümayişçisindən haqq-hesab sormalıdırlar. Əslində, müxtəlif partiyalarda cəmləşənlər, eyni zamanda bir çox siyasətçilərin özləri də belə bir haqq-hesabın sorulması üçün ayağı qalxdılar da. Hələ heç yerlərində də oturmayıblar və görünən odur ki, erməni baş naziri hələ çox təlatümlər gözləyir. Amma bir məsələ də var ki, ermənilərin özlərini də aldadaraq hakimiyyət postunu qamarlayan həmin o kümə nümayişçisi çox hiyləgərdir və görəsən, indi nələri planlaşdırır, hansı oyunları oynamaq istəyir aldadıb küçələrə tökdüyü kütlə ilə? Görəsən bu fövqəladə vəziyyət rejiminin tətbiqi virusla mübarizə istisna olmaqla, hansı məqsədlər daşıyır? Sözsüz ki, küçədən gələn baş nazir fövqəladə vəziyyətdən də cəmiyyət üçün deyil, öz mənafeyi üçün istifadə etmək istəyir, necə ki, birinci dəfə etmişdi. Heç şübhəsiz ki, onun bu dəfə də planları, məqsədləri var ki, bu dəfə də ictimaiyyətin xeyrinə hesablanmamışdır. Əksinə, tamamilə başqa niyyət güdülür.
Hadisələrin gedişi, daha dəqiq desək, ictimai narazılıqlar onu deməyə əsas verir ki, fövqəladə vəziyyət rejiminin uzadılmasının yalnız bir məqsədi ola bilər, o da erməni cəmiyyətini toplaşmaqdan, baş nazir, onun komandası və hakimiyyəti əleyhinə addımlar atmaqdan çəkindirmək, yaxud ümumiyyətlə şərait yaratmamaq. Bu addımda isə ən əsas məqsəd hazırki bu hökumətin gedişini bir növ təxirə salmaqdır. Ən düşündürücü məqam odur ki, erməni baş nazirinin bu addımındakı hiyləgərliyi erməni cəmiyyəti özü də yaxşı başa düşür və qəbuledilməzliyini də etiraf edir. Məsələn, “Rodina” partiyasının sədri Artur Vanetsyan Twitterdəki mikrobloqunda yazır ki, bu sadəcə qəbuledilməzdir. Bütün bu prosesin qanunauyğunluğu tezliklə ətraflı bir araşdırmanın mövzusuna çevriləcək.
Əslində, çevriləcək yox, artıq çoxdan çevrilib. Sözügedən partiyanın fövqəladə vəziyyət rejiminin uzadılması ilə əlaqədar bəyanat yayması Paşinyan hakimiyyətinin, onun hiyləgər addımlarının müzakirə mövzusuna çevrilməsi deməkdir. Bəyanatda qeyd olunur ki, rejimin uzadılması siyasi məqsəd daşıyır və bu rejim insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır. Yəni, həmin partiya öz bəyənatı ilə təsdiq edir ki, fövqəladə vəziyyət rejiminin tətbiqinin mövcud hakimiyyətin hiyləgərliyi olduğu hər kəsə bəllidir və bu artıq erməni cəmiyyətində müzakirə mövzusu kimi gündəmi zəbt edib.
Həqiqətən də Ermənistanda fövqəladə vəziyyət rejiminin uzadılması yalnız siyasi məqsədlər üçündür. İndi ehtiyaclı insanların, daha doğrusu narazı kütlənin toplaşması kimi bir dilemma qarşısında qalan Paşinyan çox yaxşı başa düşür ki, kütlə ilə üz-üzə qalmaqdan, hesab verməkdən qurtulmanın bir və yeganə yolu elə pandemiya ilə əlaqədar fövqəladə rejimin tətbiqidir. Çünki, bu tətbiq ona imkan verir ki, insanların bir araya gəlməsinə, kütlənin toplaşmasına mane olsun. Özü də qanuni şəkildə. Amma, bir zərb məsəldə də deyildiyi kimi, divar bitdikdən sonra kör hardan tutub yeriyəcək? Bax elə Nikolun özünün də bu kör misalında divar qurtardıqdan sonra yeriyə bilməyəcəyi, “yıxılacağı” gün kimi aydındır. Buna çox vaxt da qalmayıb, vur-tut bir ay. Yaxud ondan azca çox vaxt.
İyunun 13-ü artıq iki dəfə uzadılmış fövqəladə vəziyyət də başa çatır. Bir növ divar qurtarır və Nikol Paşinyan dərhal şərt qarşısında qalır. Fövqəladə vəziyyət rejiminin qorunmasında müstəsna siyasi məqsəd güdən Paşinyan bu rejimin bitdiyi tarixdə reallıqlar qarşısında qalmalı olacaq və bu dəfə ona qaçış yoxdur. Çünki, artıq erməni çəmiyyəti üçün necə deyərlər, bıçaq sümüyə dirənib. Onsuz da səfalət içərisində yaşayan ermənilər bir də pandemiya şəraitində daha ağır vəziyyətə düşdülər Paşinyanın sayəsində və bunun hesabı ən qısa zamanda ondan sorulacaq.
Etirazlara qarşı bir tarazlıq yaratmadan ötrü Ermənistan hökuməti bu vaxta qədərki müddət ərzində çoxsaylı problemli və həyatı çətinləşdirən qanunların qəbulu və siyasi müxaliflərə qarşı cinayət təqiblərinin təşkili ilə məşğul idi. İndi də hansısa bir məsələ ilə əlaqədar erməni cəmiyyətini məşğul etmək niyyəti ilə məsələlər ortaya atılır. Amma Paşinyan da, onun ətrafı da, hakimiyyəti də dərk etməlidir ki, fövqəladə vəziyyətin qorunması, epidemiya ilə mübarizə adı altında məhdudiyyətlər onlara əlavə imkanlar vermir, sadəcə vaxt qazandırır. Bir sözlə, Paşinyan fövqəladə rejimin uzadılması ilə hakimiyyətini müvəqqəti uzatmaq istəyir.
Müəllif: İnam Hacıyev