Abbasqulu NƏCƏFZADƏ : öncədən deyim ki, tənqid olmasa, inkişaf da olmaz
sənətşünaslıq elmləri doktoru, professor
[email protected]
ABBASQULU NƏCƏFZADƏDƏN ASLAN KƏNANIN (azpolit.info – 10.06.2020 və strateq.aq – 11.06.2020 saytlarında yayımladığı) AÇIQ MƏKTUBUNA CAVAB
Hörmətli Aslan Kənan!
Mənə ünvanladığınız tənqidi məqalənizlə tanış oldum. Əvvəla, öncədən deyim ki, tənqid olmasa, inkişaf da olmaz. Amma həmin tənqid obyektiv və qərəzsiz aparılmalıdır. İkincisi, məqalənizə başlığı olduqca uğursuz seçmisiz. Deyə bilərsiniz ki, başlığı sayt bu şəkildə vermişdir. Hər halda bu sözlər sizin məqaləniz əsasında bildirilib və deyilən fikirlər də məhz sizə məxsusdur. Nə isə, başlıqdan bəlli olur ki, tədqiqatlarımdan bixəbərsiz. Məni tanıyan hər kəs hətta kiçik bir məqaləmin də yalan deyil, elmi əsaslar üzərində qurulduğunu gözəl bilir. O ki qaldı Firidun Şuşinskinin kitablarına, onun musiqi mədəniyyətimizdəki xidmətinə, bu işin ziyanı xeyirindən qat-qat çoxdur. İstənilən adama bunları sübut etməyə hazıram. F.Şuşinskinin kitablarında və telesöhbətlərində muğamşünaslıq və orqanologiya ilə bağlı yanlış olan yüzlərlə faktlar mövcuddur. Məsələn, bir neçəsini diqqətinizə çatdırım. Yazır ki, ilk Azərbaycan xalq çalğı alətləri orkestrini 1920-ci ildə erməni Avanes İoanesyan yaradıb. Mən isə yazılarımda bildirirəm ki, yanlışdır, ilk Azərbaycan xalq çalğı alətləri orkestri 1908-ci ildə Təbrizdə Azərbaycanın xalq qəhrəmanı Səttarxanın (1867–1914) dövründə, Məşrutə inqilabı zamanı yaradılıb. O yazır, ilk qrammofon valı Azərbaycan sənətkarlarından Cabbar Qaryağdıoğlının ifasında 1906-cı ildə istehsal olunub. Bildirirəm yanlışdır, xanəndə Əbdülqadir Cabbarovun səsi 1903-cü ildə ilk dəfə vala yazılıb. F.Şuşinski yazır: Tarı sinəyə ilk olaraq Sadıqcan qaldırıb, mən etiraz edirəm ki, Təbriz rəssamlarının XV əsr miniatür rəsm əsərlərində, eləcə də başqa mənbələrdə tarçalanın sinədə aləti ifa etdiyini görürük. O, “Arazbarı”nı zərbli muğam kimi təqdim edir, biz isə bunun zərbli muğam olmadığını elmi seminarlarda, konfranslarda dəfələrlə sübuta yetirmişik. O deyir, Üzeyir Hacıbəylinin təklifi ilə Abutalıb Yusifov diatonik qarmonda “Orta Mahur”u dəstgah şəklində ifa etdi. Cavab verirəm ki, fraqment çala bilər. Diatonik qarmonda dəstgah şəklində həmin muğamın ifası mümkün deyil. O deyir, kamançanı Bakıya erməni Arsen gətirib. Deyirəm, kamança bütün dövrlərdə Azərbaycanda, o cümlədən Bakıda ifa olunub.